28 Dekabr 2024
Müsahibə

Rəşad Sadıqov: “Xəzər Lənkəran”a məğlub olmağımız məni həm də sevindirdi” – MÜSAHİBƏ

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun müsahibəsi 
 
– Zədənlə bağlı vəziyyət necədir?
– Artıq komandayla məşqlərə başlamışam. Həkimlərin rəyinə görə bu ayın ortalarında meydana çıxa bilərəm.
 
– Belə çıxır ki, “Qəbələ” ilə  oyunu buraxacaqsan?
– Qəbələyə gedəcəyəm, ancaq oynayacağımı deyə bilmərəm. Bu məndən asılı deyil, son qərarı məşqçilər heyəti verəcək. Əgər lazım olarsa,  komandaya kömək etməyə hazıram. Ancaq böyük ehtimalla oynamayacam.
 
– Tez-tez zədələnməyin nədən irəli gəlir?
– Futbolda belə hallar ola bilər. Sıx qrafiklə işləyəndə zədə almaq ehtimalı artır. Həm millidə həm də “Qarabağ”da xeyli oyunlar keçirdim. Zədəli olduğumdan bir müddət meydanlardan kənarda qaldım. İnşallah, həkimlərin səyi ilə yenidən qayıdıram.
 
– “Xəzər Lənkəran”a qarşı “Qarabağ” necə göründü?
– Gözlədiyimdən daha yaxşı oynadı. Bir neçə real qol vəziyyətindən istifadə edə bilmədik. Rəqib isə standart vəziyyətdən bir qol vurub hesabı qorudu. Məğlub duruma düşəndən sonra öz oyunumuzu itirdik.  
 
– Bu itkini “qızıl xal” kimi dəyərləndirmək olar?
– Buna həm təəssüfləndim həm də sevindim. Son turlarda uduzub çempionluğu əldən verməkdənsə, qoy ilk oyunda məğlub olaq. Bu məğlubiyyət komandada özünəinamı qaytara bilər. Bu məğlubiyyətdən nəticə çıxarıb qarşıdakı oyunlara daha ciddi hazırlıq görməliyik. 
 
– Sənin meydanda yoxluğun hiss olundu?
– Elə düşünmürəm. Çünki komanda yaxşı oynadı. Rəqib qol vurandan sonra yaxşı müdafiə olunaraq, bütün zonaları bağladı. Onlar bizə oynamağa imkan vermədi.  
 
– Bəs “Xəzər Lənkəran” necə təsir bağışladı?  
– Ola bilər ki, bizə qarşı açıq oynamağa risk etmədilər. Əsasən də oyunu müdafiədən qururdular. “Xəzər Lənkəran”ı hücum edən komanda kimi tanımışıq. Lakin bizə qarşı hardasa qapalı oynadılar. Yəqin ki, növbəti oyunlarda hücumda nəyə qadir olduqlarını göstərəcəklər.    
   
– Bu tur cari mövsüm iki dəfə məğlub etdiyiniz “Qəbələ”nin qonağısız.
– Düzü, hər iki oyunda qələbə qazansaq belə məğlub da ola bilərdik. “Qəbələ” elə komandadır ki, heyətində hər an oyunun taleyini dəyişə biləcək səviyyəli futbolçular var. İlk növbədə diqqətli oynamalıyıq. Bizi çox ağır səfər oyunu gözləyir.
 
– Qəbələdən bir xalla dönsəniz uğurlu nəticə hesab edəcəksən?
– Niyə də yox? Liderlə səfərdə oynayırıq. Rəqibin heyəti yetərincə güclüdür. Əvvəl, yerli futbolçu baxımından problemlər olsa da, indi belə bir məsələ yoxdu.
 
– “Qarabağ”ın yeni transferi Jaba Dvalli haqqında nə deyə bilərsən? 
– Dvalli komandaya gec qoşuldu. Onun komandaya uyğunlaşması üçün vaxt lazımdır. Ümid edirəm, gələcəkdə bizim üçün faydalı olacaq.
 
– Səncə, ötən illərlə müqayisədə bu mövsüm çempionluq uğrunda mübarizə daha ağır olacaq?
– İl-ildən çempionatın səviyyəsi qalxır. 4-dövrəli sistemdə rəqabət daha da güclənib. Demək olar ki, 8 komandanın mükafatlar uğrunda mübarizə aparmaq şansı hələ də var. Mustafa Dənizli, Yuri Syomin kimi tanınmış mütəxəssislərin Azərbaycanda işləməsi çempionatın səviyyəni daha da artırır. Bir də heç kim fikirləşməsin ki, çempionluq yarışı yalnız üç komanda arasında gedir. Artıq “Bakı” ilə “İnter” də bu yarışa qoşulublar. 
 
– “Qarabağ” çempionluq uğrunda mübarizə aparsa da, bu şansı son anda əldən verib. Bunu nəzərə alsaq komndada çempionluq ruhunun hələ yetişmədiyini demək olar?
– Ola bilər belə fikir formalaşsın. Hər bir komandaya göstərdiyi nəticələrə görə qiymət verilir. Oyuna görə “Qarabağ” bir çox komandalardan üstün olur və çoxlu sayda  qol epizodu yaradır. Hətta məğlub olduğumuz matçlarda da. Amma rəqib bir-iki epizoddan maksimum istifadə edərək qələbə qazanır. Ola bilsin ki, hələ çempion olaraq tam komanda kimi bişməmişik.
 
– Marat İzmaylovun “Qəbələ”yə transferini necə qarşıladın?

– Bu mənim üçün gözlənilməz oldu.  O da son vaxtlar meydanda olmurdu. Kənardan gəlmə futbolçular elə hikirləşir ki, Azərbaycanda oynamaq asandı. Lakin oynayandan sonra görür ki, həqiqətən Azərbaycan Premyer Liqası ağır çempionatdır.

sportal.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43