Kateqoriyasız

“Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 4-cü turunda Qazaxıstanın “Kayrat” klubu ilə oyundan öncə mətbuat konfransında iştirak edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis matç haqqında fikirlərini bildirib:

“Daha ciddi və möhkəm olmalıyıq. İnanıram ki, meydanda yaxşı mübarizə və yaxşı futbol olacaq. Bu oyunun vacibliyini düşünərək oynayacağıq. Əgər Konfrans Liqasında məğlubiyyətsizlik seriyasını davam etdiririksə, deməli, hər oyuna ciddi yanaşırıq. Sabahkı oyuna da futbolçuları maksimum yaxşı hazırlaşdırmışıq”.

Qurbanov “Sabah 17 dərəcəyə qədər şaxta gözlənilir. Belə iqlim şəraitinə xüsusi hazırlaşmısınız?” sualına belə cavab verib: “Təbiətdə pis hava yoxdur. Futbolçulara deyirəm ki, istənilən çətinliyə hazır olmalıdırlar. Futbolçularım bunu yaxşı bacarırlar. Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq. Hər bir rəqibə şərtdən asılı olmayaraq, qalib gəlməyə çalışırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43