27 Dekabr 2024
Ölkə futbolu

Zaqatalalı fanatları məyus edən kosta-rikalı: “Yaxın gələcəkdə sevdiyim qız Bakıya gələcək”

21-ci tur çərçivəsində keçirilən “Simurq”-“İnter” matçı "bankirlər"in kosta-rikalısı Diyeqo Madriqal üçün debüt matçı oldu. Futbolçu özünün ilk qolunu vurdu, özü də bunu topa ilk toxunuşunda etdi. O, klub saytına  müsahibəsində ilk oyunundan bəhs etdi, yerli çempionat haqqında fikirlərini bölüşdü və Uinston Parksla söhbətindən danışdı.

-Debüt matçı üçün bundan yaxşı heç nə düşünmək olmaz: ilk toxunuş və ilk qol. Həmin an nələr hiss etdiniz?

-Böyük xoşbəxtlik hiss etdim. İlk debüt matçın məhz belə alınmasına çox sevinirəm. Meydançaya çıxan zaman komandaya çox kömək etmək istəyirdim və çox şadam ki, buna nail oldum.

-Oyun çətin alındı. Uzun müddət tabloda ancaq sıfırlar yazılmışdı və komandaya qələbə qolunu vurmaq ancaq matçın 72-ci dəqiqəsində müyəssər oldu. İlk debütünüz haqqında daha nə demək istərdiniz?

-“Simurq” doğma divarlar arasında oynayırdı və bu amil onları qələbəyə daha çox kökləyirdi. Səmimi desəm, bu komanda yaxşı təsir bağışladı. Bizim oynumuza gəldikdəsə deyə bilərəm ki, “İnter”ə üç xal lazım idi. Komanda yoldaşlarım da bunu anlayırdılar və biz məqsədimizə çatdığımıza görə xoşbəxtik.

-“İnter”dəki karyeranızdan nə gözləyirsiniz?

-Bu komandaya keçməyimə görə şadam. “İnter”də özümü yaxşı tərəfdən göstərmək və bununla da komandaya fayda vermək istəyirəm. Burada bir neçə mövsüm oynamaq, “İnter”lə titulları qazanmaq və avrokuboklarda çıxış etmək əla olardı.

-Artıq bir neçə aydır Azərbaycandasınız. Ölkəmiz haqqında və paytaxt Bakı şəhəri barədə nə deyə bilərsiniz?

-Ancaq yaxşı sözlər deyə bilərəm. Bakı-çox gözəl şəhərdir. Burada çox qonaqpərvər və mehriban insanlar yaşayırlar. Etiraf edim ki, mənə hələ Bakının gözəl yerlərini görmək müyəssər olmayıb, lakin tezliklə bunu edəcəyəm.

-Yeni komandaya uyğunlaşma prosesi necə alındı?

-Komanda yoldaşlarım tez uyğunlaşmağıma yardım etdilər. Bütün futbolçularla yaxşı münasibətlərim var. Burada ispandilli futbolçular var və bu da mənə tez uyğunlaşmağıma kömək etdi.

-Necə düşünürsünüz, “İnter” mövsümü mükafatçılar sırasında başa vura biləcəkmi?

-Hər şey mümkündür. Hazırda biz turnir cədvəlində 4-cü yerdəyik. Lakin bundan sonra da qalib gəlsək, o zaman liderlərə çata bilərik. Bunun üçün çox çalışmaq və yaxşı futbol nümayiş etdirmək lazımdır. Ümid edirəm ki, bunu etmək “İnter”ə müyəssər olacaq.

-Sizədək Azərbaycanda kosta-rikalı futbolçular oynayıblar. Onlar arasında ən tanınmışı Uinston Parks idi. Maraqlıdır, buraya gəlməmişdən öncə onunla məsləhətləşdiniz?

-Bəli, mən onunla danışdım. Ona zəng etdim və məni maraqlandıran məsələləri ondan soruşdum. Etiraf edim ki, o, ancaq yaxşı sözlər dedi. Uinston yerli çempionatı təriflədi, ölkə, Bakı şəhəri haqqında yaxşı danışdı. Bir sözlə, o, mənim buraya gəlməyimi məsləhət görən insanlardan biri oldu.

-Maraqlıdır, doğmalarınıza və dostlarınıza Azərbaycan haqqında nədən danışmağa macal tapdınız?

-Azərbaycana gələndə çox soyuq idi. Qar yağırdı, temperatur aşağı idi və bütün bunlar mənim üçün bir qədər qeyri-adi idi, axı Kosta-Rikada həmişə istidir və yaxşı hava var. Məhz bu barədə yaxınlarıma məlumat verdim. Bundan başqa, yaxınlarıma dedim ki, bura çox gözəldir.

-Ailənizi Bakıya gətirməyi planlaşdırırsınız?

-Düşünürəm ki, yaxın gələcəkdə sevdiyim qız Bakıya gələcək. Bundan başqa, alınsa, gələn ay atam mənə baş çəkmək üçün buraya səfər edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43