“Qarabağ”ın və Albaniya yığmasının müdafiəçisi Ansi Aqollinin müsahibəsi
– “Qarabağ” bu mövsüm qızıl dubl etməyi nə dərəcədə istəyir?
– Biz həm çempionatda, həm də kubokda sonadək mübarizəmizi davam etdirəcəyik. Bizim üçün hər titul önəmlidir. Həm də azarkeşlər kubokun finalına həmişə böyük maraq göstərirlər. Bu üzdən finala çıxmağı çox istəyirik.
– Komandanız buna nail olacaq gücdədir?
– Finala çıxmaq üçün bizi hələ “Simurq”la yarımfinal oyunları gözləyir. Mənə elə gəlir ki, bizim həlledici görüşdə iştirak etmək üçün yetərincə gücümüz var.
– “Simurq” barədə nə deyə bilərsiniz?
– Çox yaxşı komandadır. Onlar bu mövsüm əla oyun sərgiləyirlər. Amma biz indi kubok görüşlərini yox, qarşıdakı çempionat oyununu düşünməliyik. Ondan sonra isə fasilə olacaq.
– “Sumqayıt”la oyundan nə gözləyirsiniz?
– Bizim oyunlarımız həmişə gərgin keçir. Sumqayıtda oynamaq asan deyil. Ona görə gərgin mübarizə gözləyirəm.
– Martın 28-də Albaniya yığmasını Ermənistanla görüş gözləyir…
– Bəli, elədir. Fikrimcə, Albaniya yığması üçün bu görüş seçmə mərhələdəki ən çətin oyunlardan biri olacaq. Amma biz hamımız İrəvanda qələbə gözləyirik.
– Bu oyun sizin üçün xüsusi əhəmiyyət daşıyır?
– Mən “Qarabağ”ın futbolçusuyam. Təbii ki, Qarabağda baş verənlərdən də tam xəbərdaram. Allah eləsin ki, biz qələbə qazanaq və o zaman bu oyun barədə yenidən danışaq.
azerisport.az