İdman

Abdulvari Gözəl: “Büdcə əvvəlki illərə baxanda aşağı düşəcək”

“Qarabağ”ın fəxri prezidenti Abdulvari Gözəl Azərbaycan Premyer Liqasının son turu çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçı sonrası jurnalistlərin suallarını cavablandırıb.

– “Qarabağ”ın çempion olması münasibəti ilə nə deyə bilərsiniz?

– Bu komandaya adı “Qarabağ” olduğu üçün dəstək verdik. Sübut etməyə çalışdıq ki, “Qarabağ” kimindi. Şükürlər olsun ki, komandamızı Avropaya çıxartdıq, Azərbaycanın səsi oldu. Biz hər zaman zəiflərin yanındayıq. Bəzən deyirlər ki, “Azərsun” fəhlə təbəqəsindəndi, bu doğrudan da belədi. Şükürlər olsun ki, Allahın yardımı ilə biz öz istəklərimizə nail oluruq. Bu il bizi Avropada çətin mövsüm gözləyir. Çünki qrupa düşmək üçün çətin rəqiblərlə qarşılaşacağıq. Qurban Qurbanov ağıllı adamdı. Səlahiyyəti vermişik ona.

– Yeni transferlər olacaq?

– Mütləq. Amma büdcə əvvəlki illərə baxanda aşağı düşəcək. Çünki biz Avropa klubları ilə ayaqlaşa bilmərik. Onlar bilet satışlarından xeyli gəlir əldə edirlər. Bizdə isə elə bir imkan yoxdu. Gün gəlsin, Azərbaycan camaatı varlansın, biz də biletin birini 50 manata satacağıq (gülür). 

– Kluba buraxdığınız büdcə sizə xeyir oalraq geri dönə bilər…

– Bəli, qrupa düşsək, qrupdan çıxsaq xeyli qabağa getmiş olarıq. Ancaq bunlar şans, bəxt işləridi. Nəyin nə olacağını indidən söyləmək olmaz. 

– “Qarabağ” 5 ildi ki, ardıcıl çempion olur. Sizcə, Azərbaycan çempionatının səviyyəsi aşağı düşüb?

– Xeyr, Azərbaycan klubları bu il daha güclü idilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43