Ölkə futbolu

AFFA İcraiyyə Komitəsinin 11 qərarı

Bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərarlar açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, aparılmış müzakirələrdən sonra 11 qərar qəbul olunub.

Qərarlara əsasən, danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunması İntizam Komitəsinə tövsiyə edilib.

Vüqar Məmməd U-15 və U-16, Mirbağır İsayev U-17, Təbriz Həsənov U-19 üzrə Azərbaycan yığmalarının baş məşqçisi təyin olunub. Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Nilson Dos Santos Machadoya (Biro Jade) həvalə olunub.

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək U-23 Azərbaycan yığmasının (1994-95-ci il təvəllüdlü) baş məşqçisi vəzifəsi Yaşar Vahabzadəyə həvalə edilib.

Bundan başqa, qərara əsasən, futbol veteranları Səməd Qurbanov, Asəf Namazov, Rafiq Mirzəyev,  Abdulla Məmmədov, Məzahir Süleymanzadə,  Rafiq Quliyev və Rafiq Yusubov AFFA-nın təqaüdü veriləcək.

Hakimlər Komitəsinin tərkibi aşağıdakı şəkildə təsdiqlənib:

– Futzal və Çimərlik futbolu üzrə komissiya: Elçin Səmədli

– Hakimlərin fiziki hazırlığı üzrə komissiya: Namiq Quliyev

– Metodiki-Tədris Komissiyası: Ceyhun Haşımov

– Təyinat Komissiyası: Kərim Ağayev

– Məsul katib: Nizami Şərifov

Hakim-İnspektorlar Komitəsinin üzvü Bəşir Əliyev komitə üzvlüyündən xaric olunub. Şahin Cəfərov Hakim-İnspektorlar Komitəsinin üzvü təyin edilib.

AFFA-nın yanında Media Komitəsinin fəaliyyət müddəti uzadılıb.

İclasda “İnter” PİK-in AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43