İdman

AFFA rəsmisindən türkiyəli menecerə cavab: “Onun “gopalogiya”dan, qeyri-peşəkarlıqdan başqa başqa bir işi yoxdur”

Dünən millimizin baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır “Futbol+”ə müsahibəsində AFFA-nı tənqid etmişdi. O, müsahibəsində bildirmişdi ki, AFFA peşəkar iş görmür: “Elxan Məmmədovla görüşdə o, “Umbro” ilə müqavilə müddətinin başa çatdığını deyib, yeni təkliflərə açıq olduğunu söylədi. Mən də haqqında bəhs etdiyim həmin böyük şirkətlə əməkdaşlıq haqda söz açdım. Məmmədov mənə “məktub göndərsinlər, baxaq, ondan sonra qiymət haqda danışarıq” dedi. Almaniyaya qayıtdıqdan sonra şirkət rəhbəri ilə əlaqə saxlayıb Elxan Məmmədovun dediklərini diqqətinə çatdırdım. Əslində mənim bu işdə maddi qazancım yox idi. Sadəcə yaxşılıq etmək, münasibətləri yaxşılaşdırmaq üçün addım atmaq istəyirdim. Aprelin əvvəlində AFFA-ya məktub göndərilsə də, cavab alınmadı. Nəticədə zərbə mənə, mənim adıma dəydi. Sonradan Mikayıl bəy məktub yazıb ki, bəs başqa şirkətlə anlaşdıq. Anlaşın, lap yaxşı, xeyirli olsun. Bu sözləri cavab məktubunda yazmaq olmazdı? “Bursaspor” peşəkar davranmadısa, mən də deyirəm, AFFA peşəkar iş görmür. Söhbət dünyada tanınmış şirkətin göndərdiyi məktubdan gedirsə, qardaşım, sən onlara cavab verməlisən. Ola bilər, şərtlər, qiymətlər, ya başqa nəsə səni qane etməsin. Bu normaldı. Ancaq qarşı tərəfə cavab verməlisən, fikrini bildirməlisən. Onlar nə etdilər? Belə bir məktub olmayıbmış kimi davrandılar, “yox” demədən “Nike”la anlaşdılar. Niyə başqa şirkətlərin təkliflərinə baxmadan “Nike”la anlaşdılar? Burda çox böyük sual var. Elə bu məsələ ilə bağlı da dekabrın 4-dən sonra daha geniş danışacam sizə. Heç kimdən qorxmuram, doğrunun yanında olan insanam. Razıyam, “Bursaspor” rəsmi təklif göndərsəydi, fərqli ola bilərdi. Mövzu qapandı. Robert bundan sonra da peşəkarlıq göstərib işini davam etdirəcək. Amma AFFA-dakılar mənə peşəkarlıqdan bəhs etməsinlər”.

Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. O, idmanxeber.com-a açıqlamasında məsələyə belə münasibət bildirdi:

“Birincisi, peşəkarlıqdan söhbət gedirsə, menecer kimi Yaşarın nədən danışdığını heç özü də bilmir. Prosineçki məsələsində AFFA tamamilə peşəkarcasına davrandı. İkinci məsələ də formadır. Mən başa düşə bilmirəm: Yaşar menecerdir, yoxsa forma təşik edəndir? Bizə onlarla şirkət təklif göndərdi, onlar arasında da ən yaxşı təklif “Nike”ınkı oldu. Həm keyfiyyət, həm qiymət, həm də çatdırılma vaxtı baxımından ən sərfəli təklif bu idi. O özü hansı şirkətdən danışır?! Qoy, həmin şirkətin adını çəksin də. Deyir ki, təklifi mənə göndərib… Başa düşə bilmirəm ki, Mikayıl Nərimanoğlu haçandan AFFA-da forma işi ilə məşğuldur? Deyib ki, AFFA-yla əlaqələri yaxşılaşdırmaq, kömək etmək məqsədilə şirkət təklif edib. Bizim danışıqlar apardığımız şirkətlərlə əlaqələrimiz də yaxşıdır, hər şey də qaydasındadır.

Biz hansısa menecerin boş-boş söləri ilə oturub-durmuruq. Açıqlasın da hansı şirkətin bizə müraciət edib, biz isə baxmamışıq. Onun “gopalogiya”dan, qeyri-peşəkarlıqdan başqa başqa bir işi yoxdur”.

Yaşar Çalışır müsahibəsində onu da bildirmişdi ki, Prosineçki dekarın 4-də müqaviləsi başa çatdıqdan sonra Azərbaycanda qalmayacaq. Mikayıl bəy bu məsələyə də münasibət bildirdi:

“Biz hər hansı bir menecerin sözü ilə oturub-durmuruq. Mövsüm başa çatdıqdan sonra Prosineçkinin hesabatı olacaq. Daha sonra AFFA rəhbərliyi onun qalıb-qalmaması barədə qərar qəbul edəcək”.

İsmayılzadə İlkin


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43