İdman

Ağasəlim Mircavadov: “Bu, Şimali İrlandiya ilə matçda bizə​ çətinliklər yarada bilər”

İyun ayının 10-da yığma komandamız 2018-ci ildə keçiriləcək Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

Oyundan  öncə Məşqçilər komitəsinin üzvü və millimizin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov idmanxeber.com saytına matçdan gözləntilərini bildirib:

Təcrübəli mütəxəssis bu matçın millimiz üçün əsas oyunlardan biri olduğunu bildirib:

“Şimali İrlandiya ilə oyun millimiz üçün çox vacib görüşlərdən biridir. Komandaların xal ehtiyatına görə bir birinə yaxın olması bu matçı bizim üçün çox əhəmiyyətli edir. Bu səbəbdən bu görüşdə maksimum nəticə qazanmalıyıq.

Amma yaddan çıxarmayaq ki, milli üzvlərinin oyun praktikası azalıb. Futbolçular, demək olar ki, 1 aydan çoxdur oynamırlar. Bu, Şimali İrlandiya ilə matçda bizə çətinliklər yarada bilər.

Baş məşqçi və onun köməkçiləri təlim-məşq toplanışı üçün iki hissədən ibarət plan tərtib etdilər. Hazırlığın bir hissəsi Bakıda, digər hissəsi isə Avstriyada baş tutdu. Ehtimal var idi ki, Avstriyada yoldaşlıq oyunu keçirilsin, amma bu, baş tutmadı.  Bu məqamda da “nə etmək olar?” sualı yaranır. Fikrimcə, bu oyunda yaxşı nəticə əldə etmək üçün futbolçuları güclü motivasiya etmək lazımdır. Oyun praktikasını görüşdə bildirməmək üçün əzmkarlıq etmək lazımdır”.

A.Mircavadovun sözlərinə görə, komanda ilk oyundakı səhvlərini etməsə, yaxşı nəticə əldə edə bilər:

“Yaddan çıxarmamalıyıq ki, komandamız ilk oyunda rəqibə böyük hesabla məğlub olmuşdu. Vurulan qolların da hansı səhvlərdən yarandığı görünürdü. Çalışmalıyıq ki, standart vəziyyətlər zamanı rəqibin topa yiyələnməsinə imkan verməyək. Ümumiyyətlə, Böyük Britaniya ölkələrinin komandaları hava toplarında, cinahlardan qurulan hücumlarda çox effektli olurlar. Buna görə də, futbolçularımız rəqibə “ikinci mərtəbə”də diqqət etməlidirlər”.

O, futbolçularımızın yaxşı nəticə verməsi üçün azarkeş amilinin də rolunun böyük olduğunu bildirdi:

“Əlbəttə, futbolçuların oyuna yaxşı köklənməsi, motivasiya olması üçün azarkeşlərin rolu böyükdür. Hamı bir nəfər kimi stadionda millimizə dəstək olmalıdır. Çünki azarkeşlər “12-ci oyunçu”dur. Onların millimizə dəstəyi bizim qələbə şanslarımızı daha da artıracaq”.

Təcrübəli mütəxəssis oyunun dəqiq hesabının təxminini deməsə də, millimizin bu matçdan xalla ayrılacağını vurğuladı:

“Vallah, mən heç vaxt proqnoz vermirəm. Amma millimizə uğurlar arzulayıram. İnanıram ki, bu görüşdən xalla ayrılacağıq”.

Xatırladaq ki, iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43