Kateqoriyasız

Aleksey Qay: “İnter”ə yenə qol vura biləcəyəm”

Aleksey Qay: “İnanıram ki, “İnter”ə yenə qol vura biləcəyəm”

Artıq Avropa Liqasına vəsiqəni təmin etmis “Qəbələ” Topaz Premyer Liqasında 3-cü yer ugrunda mübarizəni davam etdirir. Bu baxımdan XXXIV tur çərçivəsində, mayın 16-ı, saat 20:00-da Qəbələ stadionunda “Inter”ə qarsı keçiriləcək oyun vacib əhəmiyyət kəsb edir. Eyni zamanda paytaxt klubunda səfər iddialı yollanır.

Gərgin mübarizənin sonluğu

Ötən tur “Qarabağ”ın “Sumqayıt”la oyunda xal itirməsi (1:1), “İnter”in isə “Neftçi”ni darmadağın etməsi (4:0) çempionluq yarışını yenidən gündəmə gətirib. İndi lider “Qarabağ”dan 6 xal geri qalan “İnter”in qızıl medal qazanmaq üçün real şansı var. Bunun üçün bakılılar qarşıdakı hər 3 oyunda, o cümlədən “Qəbələ” ilə görüşdə qalib gəlməlidirlər. Lakin Roman Qriqorçukun yetirmələri asan təslim olmaq fikrində deyillər. Bir halda ki, 3-cü pillədə “Neftçi”ni sıxışdırmışıq, bunun davamını gətirmək lazımdır. Həm bu qarşılaşmada, həm də son turda “Bakı” ilə görüşdə qazanılacaq 4 xal ardıcıl 2-ci dəfə bürünc medala qovuşmağımıza kifayətdir. Nəzərə alsaq ki, “Neftçi”ni “Bakı” və AZAL-la görüşlər gözləyir, deməli, “Qəbələ”nin fi nişdə uduzması arzuolunan deyil.

Çempionun bacarmadığını “Qəbələ” edib

“Qırmızı-qaralar” Azərbaycan çempionatlarında “İnter”lə indiyədək 27 dəfə üz-üzə gəlib. Həmin görüşlərin 6-da qələbəyə sevinən komandamız 8 qarşılaşmanı heç-heçə başa vurub. “İnter”in aktivində isə 13 qalibiyyət var. Təbii ki, topların nisbəti də Bakı klubunun xeyrinədir – 40:22. Kaxaber Sxadadzenin komandası bu mövsümü həqiqətən də çox yaxşı keçirir. Diqqət: rəqib 2014/15 mövsümündə cəmi 2 dəfə məğlubiyyətlə üzləşib. Bir qədər də dəqiqləşdirsək, “İnter” başa vurmaqda olduğumuz futbol ilində səfərdə ilk və hələlik son dəfə “Xəzər Lənkəran”a (29 avqust 2014-cü il, 0:1) uduzub. Sevindirici haldır ki, bundan sonra “İnter”in 20 oyunluq məğlubiyyətsizlik seriyasını martın 18-də elə “Qəbələ” qırıb. Özü də futbolçularımız bakılıları rəqib meydançasında dayandırıb – 2:1. Bu isə o deməkdir ki, “İnter” bu mövsüm paytaxtda yalnız “Qəbələ”yə uduzub. Heç son çempion “Qarabağ” 2014/15 mövsümündə “İnter”ə bata bilməyib. Adıçəkilən komandalar arasında geridə qalan hər 3 görüş 0:0 hesabı ilə nəticələnib.

“Qələbə şansı həmişə var”

“İnter”in seriyasını qırdığımız oyundan söz düşmüşkən, həmin matçda hesabı açan Aleksey Qayın təəssüratları maraq doğurmaya bilməz. Azərbaycan çempionatında ilk qolunu “İnter”in qapısına vuran ukraynalı yarımmüdafi əçi fərqləndiyi epizodu belə xatırlayır: “Künc zərbəsindən yaxşı ötürmə verildi və mən başla topu qapıdan keçirdim. Həmin vaxt lazımi mövqedə idim. Bəli, bu, “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında ilk qolum idi. Ancaq mənim üçün özümün fərqlənməyim yox, vurduğum qolun komandaya fayda verməsi vacibdir. Elə alındı ki, ilk qolumla yaxşı nəticə üst-üstə düşdü”.

O, qarşıdakı oyunda 3 xal qazana biləcəyimizə inanır. Son turda “Sumqayıt”la görüşdə də fərqlənən Qay yenə “İnter”i məyus etmək niyyətindədir: “Qələbə şansı həmişə var. Biz rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, hər oyunda maksimal nəticə qazanmağa çalışırıq. İnanıram ki, bu dəfə də “İnter”ə qol vurmaq mənə nəsib olacaq”.

“Qəbələ İK” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43