Kateqoriyasız

“Bakı-2015”: Yeni bilet satış məntəqəsi açıldı

I Avropa Oyunlarına bütün ölkədə maraq yüksəldikcə son həftələrdə biletlərə olan tələbat da xeyli artıb.

İdmanxeber.com-un məlumatına görə, bu səbəbdən “Bakı-2015” Tofiq Bəhramov adına Respublika Stadionunda bu gün yeni bilet satış məntəqəsi açıb.

Tofiq Bəhramov adına Respublika Stadionunun çölündə yerləşən yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdir. Məntəqə həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək.

Digər bilet satış məntəqələri “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla Bakının alverişli məkanlarında quraşdırılıb.

“Bakı-2015″in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bilet satışı ilə bağlı bunları bildirib: “Bizim birinci dərəcəli məqsədimiz Oyunlara gələn hər bir kəsin buradan ən yaxşı təəssüratlarla ayrılmasını təmin etməkdir. Buna görə də biz bilet alan hər kəsə belə bir mesajla müraciət edirik: biletinizi yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən yaxud baku2015.com vebsəhifəmiz vasitəsilə alın”.

Bilet satış məntəqələrinin yerlərindən tutmuş arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ haqqında informasiyanı 2015 nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən yaxud “Bakı-2015” vebsəhifəsindən əldə etmək olar.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bir daha Oyunlara gələn tamaşaçılara biletləri yalnız Oyunların vebsəhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43