Ölkə futbolu

“Allahverdiyev sanki II Liqa görüşünə ciddi yanaşmadı”

Azərbaycan II Liqası IV turu çərçivəsində keçirilən “Ağdaş” – “Lerik” matçındakı hakimlik idarəetməsi müzakirələrə səbəb olub.

Premyer Liqa təcrübəsi olan Rauf Allahverdiyevin idarəçiliyi hər iki tərəfi də narazı salıb. Qolsuz bərabərliklə sona çatan görüşdə nələrin baş verdiyini öyrənmək üçün adı çəkilən klubların rəhbərlinin fikirlərini öyrəndik:

Rəhman Əliyev (“Ağdaş”ın prezidenti): Oyundan öncə matçımıza Premyer Liqa təcrübəsi olan hakim təyin edildiyini görə sevinmişdik. Təcrübəlidir deyə, daha az səhv edər düşündük. Amma təəssüf ki, belə olmadı. Hətta bəzi qərarları azarkeşləri özündən çıxardı. Düzdür, bizdə hakimin də, qonaq komandanın da təhlükəsizliyini qorumaq üçün hər bir tədbir görülüb. Oyunda yetərli sayda polis var idi. Hər hansı bir ciddi problem olmadı. Amma Premyer Liqa təcrübəsi olan hakim II Liqada oyunun idarəçiliyini itirməməlidir. Burada görüşü idarə etmək ona daha asan gəlməlidir. Qələbə qazanmadığımız üçün hakimi bəhanə etmirik, qərəzli olduğunu da düşünmürəm. Amma sanki Allahverdiyev II Liqa görüşünə ciddi yanaşmadı və nəticədə narazılıqlar oldu. Ümid edirəm ki, bundan sonra hamımız daha diqqətli olarıq”.

Famil Məmmədov (“Lerik”in prezidenti): “Öncəliklə onu deyim ki, II Liqa yeni yaradılıb. Klublar çox az müddətdə formalaşdı. Buna görə də həm bizim üçün, həm də təşkilatçı Peşəkar Futbol Liqası üçün müəyyən çətinliklər normal idi. Amma görürük ki, təşkilatçılıq baxımından heç bir problem yoxdur. PFL üzərinə düşə işi artıqlaması ilə yerinə yetirir. “Ağdaş” oyunundakı hakimlik məsələsinə gəlincə, artıq 4 tur geridə qalıb. Bu matça qədər kiçik məsələləri çıxsaq, hər hansı bir ciddi problem olmamışdı. Amma sözügedən oyunda müəyyən şeylər var ki, iki tərəfi də narazı saldı. Yaxşı ki, həmin səhvlər nəticəyə təsir etmədi. Rauf Allahverdiyevin xətaları ilə bağlı hakim-inspektor də öz qeydlərini götürdü. Ümid edək ki, gələcəkdə belə hallar təkrarlanmayacaq”.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43