Ölkə futbolu

Amil Yunanov: “Deməzdim ki, milli komandaya layiq deyiləm”

“Keşlə” komandasının hücumçusu Amil Yunanov İdmanxeber.az saytına müsahibəsi:

-Amil, son 3 oyunda bir xal yığmısınız. Bu qədər zəif çıxış edəcəyinizi gözləyirdiniz?

Təbii ki, xeyr. İstəməzdik belə olsun. Ancaq futbolda hər zaman istədiyinizi həyata keçirdə bilmirsiniz. Hər şey yeni başlayıb. Yaranan fasilə bizim üçün yaxşı imkan olacaq.

-Heyət baxımından digər komandalardan geri qaldığınızı düşünürsən?

Məncə, heyət baxımından heç bir problemimiz yoxdu. Sadəcə yeni oyunçularımız var. Baş məşqçimiz də yenidir. Onun sisteminə uyğunlaşmağa çalışırıq. Heyətə baxdıqda fərdi şəkildə kifayyət qədər istedadlı, səviyyəli oyunçularımız var. Hər şeyin yaxşı olması üçün bizə zaman lazımdır.

-Ötən mövsüm “Sumqayıt”da oynarkən bütün diqqətləri üzərinə çəkməyi bacarmışdın. Bu il isə nisbətən zəif performans ortaya qoyursan. “Sumqayıt”dakı Amillə, “Keşlə”dəki Amilin fərqi nədədir? 

“Sumqayıt” komandasında 3 il çıxış etmışəm. Orada əlimdən gələni etməyə çalışırdım.  “Keşlə”yə hələ də tam uyğunlaşa bilməmişəm. Bunun üçün çalışıram ki, ən qısa vaxta komandaya hər şeyimi verim. Əslində, formsuz olduğumu deyə bilmərəm. Məncə, yaxşı vəziyyətdəyəm.  Sadəcə qol vurmuram və davamlı oynamıram. Bu da dediyim kimi tam uyğunlaşa bilmədiyimdəndir.

-UEFA Millətlər Liqası üçün milli komandımızın heyəti açıqlandı. Dəvət almamağını necə dəyərləndirirsən? Səncə sənə verilən şansdan istifadə edə bilməmisən?

Deməzdim ki, şansdan istifadə etməmişəm. Hər zaman əlimdən gələni ən yüksək səviyyədə edirəm. Milli komanda elədir ki, kim o an daha çox hazırdırsa, formadadırsa o da dəvət alır. Ümid edirəm ki, yenidən milli komandaya dəvət alacam.

-Yığmaya dəvət alan hücumçulardan biri də Ramil Şeydayevdir. Ramil  yeni klubu ilə bu yaxınlarda  müqavilə bağlayıb. Səncə sən ondan daha hazır və layiq deyildin milli komandaya?

Mən milli komandaya layiq olmadığım üçün deyil, hazır olmadığıma görə çağrılmamışam. Hərhalda heyəti bəlirləyən və qərar verən bu işin mütəxəssisidir. Mən hər zaman yığma üçün oynamağa hazıram. Ümid edirəm ki, yenidən milli formanı geyinəcəm.

Həsən Quluzadə

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43