Kateqoriyasız

Ancaq buna etirazımı bildirdim” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” (4:0) matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Futbolçularımı təbrik edirəm. Nəticə öz yerində, çox yaxşı mübarizə apardılar. Komandanın əzmkarlığından razı qaldım. Bu, çox vacib idi. Çox yaxşı komandaya qalib gəldik. Hər iki komandaya uğurlar arzulayıram.

– Oyunun belə asan keçəcəyini gözləyirdiz?
– Ən çətin oyunlarımızdan biri idi. Hesab asan göstərə bilər, ancaq bu komandaya qaşrı 90 dəqiqə diqqətli olub, mübarizə aparmalıydıq. Çox böyük güc sərf etdik. Futbolçular çox yoruldular. Çətin proqramdayıq. Diqqətli olmalı perioddayıq. Bəzi oyunlarda rotasiya edirik, bəzən effekt vermir. Bizim üçün asan olmadı. Bu perioddakı bütün oyunlarda çox güc sərf etməli oluruq. “Səbail”lə görüşdəki meydança amili futbolçuları ikiqat yordu. Çox gərgin oyun getdi. “Neftçi” sona kimi təslim olmurdu. Əlavə güc sərf etdik.

– “Qarabağ” azarkeşləri “Neftçi”nin baş məşqçisi Samir Abasovu istefaya səsləyirdi və siz onlardan bunu dayandırmalarını istədiz…
– Bu məsələyə qarışmaq, bəlkə də, səlahiyyətimdə deyil. Ancaq buna etirazımı bildirdim. Mənə görə xoş deyil. Həmişə demişəm ki, klub olaraq hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddı, öz ideyaları var, ancaq istəmirəm ki, azarkeşlərimiz hansısa komandanın məşqçiləri ilə bağlı şüarlar səsləndirsinlər. Onlar komandamızı həddən artıq çox istəyirlər. Bəzən bu, əlavə şeylər axtarmağa səbəb olur. Mənim üçün xoş deyil. Hətta öz məşqçilərimizlə bağlı da bunları səsləndirmələrini istəmirəm. Rəqib komandanın baş məşqçisi, ələlxüsus da Samirlə bağlı şüarlar səsləndirmək xoş deyil. Hamımız bir yerdə futbol oynamışıq, istəyərəm ki, hər birinin uğurları daha çox olsun. İnanıram ki, gələcəkdə belə hallar təkrarlanmayacaq.

– Klubun rəhbərlərindən Tahir Gözəl bildirdi ki, komandanızı Avropa yarışında finalda görmək istəyir…
– İstək böyük olur. Hamımızın istəyi var. Hər oyuna ehtiyatla yanaşmalıyıq. Çalışmalıyıq ki, səhv etməyək. Səhv edən məğlub olur. Hər bir rəhbər daha yaxşı nəticə istəyir. Buna da normal yanaşıram.

– Abdullah Zubirdə narahatlıq görünürdü.
– Əzələsində ağrı hiss etdi. Son günlər yaxşılaşmışdı. Ona görə arxayın idim ki, 90 dəqiqəyə gücü çatar. “Kayrat”la matçdan sonra narahatlıq var idi. Sabah tam bilinəcək.

– Avrokuboklarda 9 matçdı ki, məğlub olmursuz. Bu seriyanın “Kayrat”la matçda qırılmaması üçün nələr edəcəksiz?
– “Kayrat” bizə qarşı yaxşı oyun göstərmişdi. Yüksək səviyyədə müdafiə olunub, əks-hücumlara cəld çıxırlar. Yaxşı performanslarına çatıblar. Kurban Berdıyevin işinin bəhrəsidi ki, bu səviyyəyə çıxıblar. İlk oyunda onları daha yaxından tanıdıq. Ehtiyatımızı öz yaxşı oyunumuzla tutmalıyıq. Mğlub olmamaq fikri ilə getmək istəmirik. Qələbə üçün gedirik. Hər seriyanın sonu olur. İnşallah, orda olmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43