Ölkə futbolu

Araz Abdullayev: “Fəxr edirəm ki, “Qarabağ”a gəldim”

Araz Abdullayev klub saytına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın transfer pəncərəsinin son günündə Yunanıstanın “Panionios” klubundan Araz Abdullayevi 2 illik icarə əsasında heyətinə qatmışdı. Abdullayev keçidiylə bağlı öz fikilərini klubumuzun rəsmi saytına bildirib:

“Qarabağ” Azərbaycan və Avropada ən yaxşı çıxış edən komandamızdır. Fəxr edirəm ki, bu komandaya gəldim. Sözün hər mənasında çalışacam ki, komandaya xeyir verim və baş məşqçinin etimadını doğruldum. Komandada çıxış etdiyim mövqedə rəqabət var, kim güclüdürsə, o da oynayacaq. Bura gəlmişəm ki, meydanda olum və öz oyunumla komandaya kömək edim. Qarşıda çətin oyunlar var, ancaq komanda şəkilində bir olub yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Avropa Liqasında çətin qrupda yer almışıq, amma “Qarabağ”ın öz sözünü deyəcəyinə inanıram.

Abdullayev “9” nömrəli forma seçiminə də toxunub.

“Adətən geyindiyim həm 7, həm də 77 nömrə boş deyildi. Hücumda oynamağı xoşladığım üçün 9 nömrəni seçdim. Ümid edirəm ki, bu nömrə mənim üçün düşərli olacaq və meydanda olduğum müddətdə həm qol, həm də məhsuldar ötürmələrlə komandama kömək edəcəm”.

Araz sonda azarkeşlərə də səslənib:

“Qarabağ”ın azarkeş ordusu çoxdur, Avropa oyunlarında isə stadionda iki dəfə çox azarkeş olur və nəticə gözləyir. Biz də komanda olaraq onları sevindirmək üçün meydana çıxırıq. Azarkeşlərə deyirəm ki, çalışacam öz oyunumla onları da sevindirim. Bizi sona qədər dəstəkləsinlər”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43