İdman

Asif Əsgərov: “Almeydanın hansı formanı hədiyyə etdiyini bilmirəm, amma…”

Bu gün ölkə mətbuatında “Qarabağ”ın və millimizin futbolçusu Riçard Almeydanın qardaşına hədiyye etdiyi iki formanın fotoları yayıldı. Hədiyyə edilmiş “Qarabağ”ın forması digərlərindən fərqli və üzərində ulduzun olması istər-istəməz yeni mövsüm üçün hazırlandığını düşünməyə vadar edirdi. Bundan başqa, həmin formanın dizaynı bir çox azarkeşlərin narazılığına səbəb oldu. Belə ki, formanın üzərində qırmızı rəngli zolağın olması azarkeşləri hiddətləndirdi.

Məsələyə aydınlıq gətirmək üçün “Qarabağ”ın baş meneceri Asif Əsgərovla əlaqə saxladıq. O, idmanxeber.com saytına açıqlamasında həmin forma barəsində məlumatı olmadığını və yeni forma üzərində qırmızı zolağın olmayacağını bildirdi:

“Sözün düzü, Riçard Almeydanın hansı formanı hədiyyə etdiyini bilmirəm, amma onu deyə bilərəm ki, bizim yeni formamızın üzərində qırmızı xətt yoxdur, yanlış məlumatdır”.

O, yeni mövsüm üçün sifariş verdikləri formalar barəsində də məlumat verdi:

“Yeni mövsüm üçün “Adidas” firmasının 2017-ci il modeli olan formalardan istifadə edəcəyik. Həmin formaların üzərində də qırmızı zolaq yoxdur”.

Qeyd edək ki, “Qarabağ” yeni mövsüm üçün olan formalarının üzərində ölkədə 5 çempionluq qazandıqları üçün 1 ulduz olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43