Ölkə futbolu

“Canni De Byazinin nə şou göstərdiyi bəlli deyil”

“Gözləmədiyimiz, acınacaqlı məğlubiyyətlər aldıq. İki oyuna 9 qol buraxmaq həqiqətən də pis təsir edir. Deyiləcək çox şey var. Millinin oyunu, baş məşqçinin gedişləri, meydana buraxdığı əsas heyətdəki oyunçular. Belə məğlubiyyətlər hələ çox olacaqsa, gənc oyunçularla mübarizə aparmaq daha yaxşıdır. Elə əvvəldən Cəlal Hüseynovla, Musa Qurbanlıyla meydana çıxmaq yaxşı olardı”. 

Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev millimizin AVRO-2024 seçmə mərhələsi çərçivəsində Avstriya və İsveç görüşləri barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Canni De Byazini başa düşmək olmur. Nə şou göstərdiyi bilinmir. Hamı Höccət Haqverdini niyə cinahda oynatdığını soruşur. Əlində oyunçular olduğu halda necə belə bir qərar verir? Futbolçu olmasa, hardasa başa düşərik. Çox şey demək olar. Belə məğlubiyyətlər hamını üzür. Hətta bu nəticələr gənc oyunçuları da həvəsdən salır. Heç kimi millisinin belə uduzmasını istəməz.

Əliyev italiyalı çalışdırıcı ilə sözləşmə yenilənməsinin də yanlış olduğunu vurğulayıb:

De Byazi ilə müqavilə uzatmağın mənası yox idi. Alınmırdı. Bunu qəbul etmək lazım idi. Ona görə də günahkar tək o deyil. Belə oyunların ardından nəsə demək, danışmaq çox çətindir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43