İdman

“Dinamo” Kirovabad – 50: Yubileyin mübarək!

Sovet dövründə “Dinamo” Kirovabad (Gəncə) adlanan komandamızın SSRİ Çempionatının Yüksək Liqasına (“A” dəstəsi) vəsiqə əldə etməsindən 50 il ötür. 1967-ci il mövsümündə birinci dəstədə uğurlu çıxış ilə seçilən “dinamoçular” yaz-payız sistemi ilə keçirilən birinciliyin qızıl medallarını qazanıblar. Kirovabad təmsilçisi noyabr ayının sonlarına təsadüf edən keçid oyunlarında rəqiblərindən üstün olub. 3 zonanın qaliblərinin – Ukraynadan OİK Kiyev, Qazaxstandan “Şaxtyor” Karaqanda və “Dinamo”nun mübarizə apardığı oyunlarda komandamız Orta asiyalılarla eyni xal toplayıb. Nəticədə iki kollektiv arasında Yüksək Liqaya vəsiqə verən yer uğrunda final görüşü təyin olunub. Daşkənddə keçirilən həlledici qarşılaşmada “Dinamo” 1:0 hesabı ilə qalib gələrək SSRİ dövrü üçün ən böyük tarixi nailiyyətinə imza atıb.
 
Kirovabad kimi kiçik şəhərin 1959-cu ildə yaradılan komandasının 8 il ərzində pillə-pillə məqsədinə doğru irəliləməsi böyük marağa səbəb olmaya bilməzdi. Odur ki, “Dinamo”nun SSRİ birinciliyinin elitasına çıxması İttifaq məkanında böyük əks-səda doğurmuşdu. “Dinamoçular”ın Özbəkistanda qazanılan uğurdan sonra doğma şəhərə dönüşü isə Nizami yurdunda qələbəlik, əsl bayram əhval-ruhiyyəsi yaratmışdı. Futbolçular heyətini və məşqçilər korpusunu qarşılamaq üçün şəhər əhalisi dəmiryolu vağzalına axışaraq qəhrəmanlarla görüşə gəlmişdi. Komanda üzvləri xüsusi bəzədilmiş üstü açıq hərbi avtomobillərlə küçələri dövrə vurub, böyük qələbə münasibəti ilə tədbirin keçiriləcəyi Dövlət Dram Teatrına aparılmışdılar.
 
“Dinamo”nun 50 il öncəki qələbəsinin memarlarından beşi Azərbaycanda yaşayır. Kapitan Müzəffər Qasımov, qapıçılar Zakir Süleymanov, Çingiz İsmayılov, müdafiəçi Ravil Batrayev və hücumçu Nürəddin Əliyev bu gün də o tarixi qələbəni sevinclə xatırlayırlar. Onlardan Qasımov, Süleymanov və Əliyevin yaşayış ünvanı elə Gəncədə yerləşir. Müzəffər Qasımov indi də doğma klubumuzda çalışır. Əfsanəvi futbolçu “Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvüdür. 
 
Klubumuzun kollektivi və Gəncə azarkeşləri adından veteranlarımızı böyük qələbə münasibəti ilə təbrik edir, onlara can sağlığı arzulayırıq.
 

Yubileyiniz mübarək! 


kapazpfc.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43