Ölkə futbolu

Futbol meneceri: “Qarabağ”a inanmaq, dəstək olmaq lazımdır”

“Bizim futbol camiəmizin gözləntiləri reallıqla uzlaşmır. Bu, faktdır. Milli Estoniyanı uda bilmir, Premyer Liqanın səviyyəsi bəllidi, U-21, U-19 və digər aşağı yaş üzrə yığmaların da durumu göz qabağındadır. Ancaq yenə də biz düşünürük ki, Polşa çempionuna hər dəfə 3-4 qol vurub yola salmalıyıq. Elə deyil. Futbola belə yanaşmazlar”.

Bu sözləri idmanxeber.az saytına futbol meneceri Erkin İbrahimov “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırmasından danışarkən deyib. O, kluba yönəlik tənqidlərlə razılaşmadığını bildirib:

“Qarabağ”ın yaxşı futbolçularından biri Kvabena Ovusu Macarıstan təmsilçisi “Ferensvaroş”a getdi. Özü də kifayət qədər böyük məbləğə. Onların büdcəsi azı iki qat “Qarabağ”dan üstündür. Halbuki təmsilçimiz ötən mövsüm macarları keçmişdi. Ancaq “Ferensvaroş” bu il Farer adaları klubu “Klaksvik”dən öz meydanında 3 top buraxdı. Bu komanda daha sonra İsveç çempionu “Haken”i də keçməyi bacardı. Həmçinin “Lüdoqorets” büdcəsi qat-qat “Qarabağ”dan üstündür. 2-3 milyon avroya oyunçular alırlar. Ancaq özündən aşağı səviyyəli “Olimpik”ə (Lublyana) uduzdular. İndi bunlar neyləsin? Həmin o güclü komandaların azarkeşləri gedib klubun ofisini dağıtsın?

Bizdə yanaşma çox səhvdir. “Legiya”nı, “Lex”i udmuşuqsa, bütün Polşa çempionlarını keçəcəyik anlamına gəlmir. “Qarabağ”a inanmaq, dəstək olmaq lazımdır. Qurban Qurbanov möhtəşəm işlər görür. Mənə Serbiyanın, Bolqarıstanın və ya digər Şərqi Avropa ölkələrinin komandalarını göstərin ki, 9 il ard-arda avrokuboklarda qruplara qalsınlar. Yoxdur belə şey. Bu uğuru qiymətləndirmək lazımdır. “Qarabağ” “Rakuv”a qarşı iki oyunda da üstün çıxış etdi. Sadəcə, qapıçı səhvləri oldu. Yeni gələnlər də adaptasiya ola bilmirlər. Bu, klub üçün böyük problemdir. Təəssüf ki, yaxşı oyunçuları ölkəyə gətirmək çətindir. Mən özüm Jason Lokilonu “Qarabağ”a gətirirdim. Azərbaycan səviyyəsindən çox üstün futbolçu idi. Son anda, uçuşa bir neçə saat qalmış, “Hall Siti”dən təklif gəldi və transfer alınmadı. Bu cür misallar onlarcadı. Azərbaycan futbolunda tənqid ediləsi çox mövzü var. “Qarabağ” bu məsələdə sonuncudur”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43