Ölkə futbolu

“Futbolçular olaraq bu mövzuda acizik” – “Kəpəz”in kapitanı

“Sabah”la oyunda məğlub olduq. Səbəb matçda erkən qollar buraxmağımız idi. 15 dəqiqədə iki top fərqi ilə geriyə düşdük, qarşımızdakı komanda isə “Sabah”dır. Oyunu çevirmək təbii ki, çətin idi. Mübarizə aparsaq da, bacara bilmədik”.

Bu sözləri idmanxeber.az saytına “Kəpəz”in kapitanı Yusif Nəbiyev “Sabah” məğlubiyyəti (0:3) barədə danışarkən deyib.

25 yaşlı futbolçu həmin görüşdə qollarının verilmədiyini və ümumən əleylərinə olan hakim səhvlərindən narazılığını bildirdi:

“Artıq, bizim əleyhimizə olan hakim səhvlərinin sayını itirmişik. Bu mövsüm başımıza belə şeylər çox gəlib. Niyə, nədən olduğunu özümüz də bilmirik. “Sabah”la oyundakı epizod qol idi, amma əsas hakimlərin nə dediyidir. Onlar da əksinə qərar verdilər, təmiz qolumuzu saymadılar. Əlimizdən heç nə gəlmir. Futbolçular olaraq bu mövzuda çox acizik.

Son 3 oyuna qədər uğurlu seriyamız var idi. Heyif ki, davam etdirə bilmədik. Futbolda belə hallar olur. Hazırda tək məqsəd qarşıdakı 3 görüşdə xal və ya xallar qazanmaqdır. 

“Kəpəz”lə müqaviləsi mövsüm sonu başa çatacaq Nəbiyev gələcək karyerası ilə bağlı bunları dedi:

“Açığı, hazırda yalnız irəlidəki matçları düşünürəm. Premyer Liqa bitəndən sonra yekun qərar verməyə vaxtımız olacaq. Tələsən yerimiz yoxdur. Hələ heç kimlə bu mövzüda danışıq olmayıb.

Yəqin ki, komandanın Premyer Liqada qalması təsdiqlənəndən sonra danışıqlar başlayar. İndi isə tək məqsəd çempionatı tərk etməməkdir”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43