Ölkə futbolu

“Gəncədə oynasaydıq, nəticə fərqli ola bilərdi” – “Kəpəz”in hücumçusu

“Kəpəz”in futbolçusu Fərid Nəbiyevin idmanxeber.az saytına müshaibəsi

-“Sumqayıt”la matçda məğlub oldunuz. Səncə, səbəblər nə idi?

-Oyun çox maraqlı keçdi. Rəqib də, biz də görüşə ciddi hazırlaşmışdıq. Hər iki komandanın da qol imkanları oldu. Kim bir qol vursa, qələbəni də o qazanacaqdı. Bu da “Sumqayıt”a nəsib oldu. İlk yarı imkanlarımızdan istifadə edə bilmədik. İki komanda da eyni səviyyəli oyun göstərdi. Bəlkə də ədalətli nəticə heç-heçə idi. Ancaq “Sumqayıt” qolu vura bildiyi üçün 3 xalı qazandı.

-Son 3 görüşdə “Kəpəz” bir qələbə, bir məğlubiyyət və bir heç-heçə alıb. Niyə stabil çıxış edə bilmir komanda?

-Demək olar ki, bütün matçları səfərdə keçiririk. Hər həftə yol gedirik-gəlirik, bunlar çox çətindir. Bəhanə etmirəm, amma belə şeylər komandaya təsir edir. Əgər Gəncədə oynasaydıq, bəlkə nəticələr fərqli ola bilərdi. Təəssüf ki, bizdən asılı deyil belə şeylər. Stadionun yararsız olduğu üçün məcbur Gəncədən uzaq düşdük. Ev oyunlardakı üstünlükdən istifadə edə bilmirik. Azarkeşlər qarşısında oynamaq bizim üçün əlavə motivasiyadır nəinki boş tribunalar önündə çıxış etmək. Yenə əlimizdən gələni edirik ki, yaxşı nəticələr qazanaq.

-“Sumqayıt” oyununda hakimliklə bağlı müəyyən narazılıq var idi. Səncə, nəticəyə təsir etdi qərarları?

-Birinci hissə vərəqələrdən istifadə etmədi. “Sarı”lıq bir neçə epizdod var idi ki, heç birini rəqibə göstərmədi.  Açığı, hakimliklə bağlı danışmaq istəmirəm. Ancaq performansı oyuna təsir etdi. Bəlkə də vərəqələri vaxtında göstərsəydi, rəqib azlıqda qala bilərdi. Ümumən nəticəyə tam təsir etdiyini demək olmaz. 

-Premyer Liqanı tərk etməklə bağlı qorxu davam edir komandada?

-Xeyr, heç bir qorxu yoxdur  Çalışırıq ki, belə şəraitsiz vəziyyətdə əlimizdən gələni edək. Burada heç nə Premyer Liqa səviyyəsində deyil. Ona görə əlimizdən gələnin ən yaxşısını edib “Kəpəz”i Premyer Liqada saxlamaq niyyətindədik. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43