Kateqoriyasız

Gəncəli azarkeşlər 3835 gün gözləməli oldu

Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” ilə qarşılaşması “Kəpəz” üçün ikiqat əlamətdar olub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı məlumata görə, birincisi, qərblilər paytaxt klubu ilə oyunlarda qələbəsiz oyunlar seriyasına son qoyub. Gəncə təmsilçisi “ağ-qaralar”ı ölkə çempionatında sonuncu dəfə 2005-ci il sentyabrın 18-də məğlub etmişdi. 3835 günlük həsrətə son qoyan “Kəpəz” həmin qələbəsini də səfərdə, Şahin Diniyevin baş məşqçiliyi altında qazanmışdı. Həmin 2:1 hesablı qələbədən sonra keçirilən 9 oyunda gəncəlilər 3 heç-heçə edib, 6 məğlubiyyət almışdı.

“Neftçi” üzərində qələbə həm də yubileylə əlamətdar olub. “Kəpəz” ölkə çempionatları tarixində 250-ci qələbəsinə sevinib. 1992-ci ildən fasilələrlə Premyer Liqada çıxış edən qərblilər 250-yə 508-ci matçında çatıb. “Kəpəz” 163 dəfə evdə, 83 dəfə səfərdə, 4 dəfə neytral meydanlarda 3 xal əldə edib. Yubilyar klub qələbə sayında “Turan”a çatıb. Hər iki Qərb klubu bu göstəricidə yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır.


“Neftçi”də ikiqat yubiley

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev “ağ-qaralar”ın heyətində 150-ci oyununu keçirib. Topaz Premyer Liqasının XXVI turunun “Kəpəz”lə matçında sonradan meydana daxil olan futbolçu bu qarşılaşmayadək paytaxt klubunda 149 oyunda 17 qol vurmuşdu. Gəncə təmsilçisi ilə görüşdə yubiley qeyd edən İmamverdiyev Premyer Liqada 115 (11 qol), kubokda 19 (3 qol), avrokuboklarda 16 (3 qol) dəfə ağ-qara forma geyinib.

Onun komanda yoldaşı Ruslan Qurbanovun “Kəpəz”in qapısından keçirdiyi qol da əlamətdar olub. Milliləşən rusiyalı komandasının heyətində 20-ci dəfə fərqlənib. O, buna 68-ci matçında nail olub. Qurbanov Premyer Liqada 54 oyunda 14, kubokda 9 matçda 6 qol vurub. Hücumçu avrokubokdakı 5 qarşılaşmada isə qol sevinci yaşamayıb.


“Bayıl Arena”da təkrarlanan antirekord

Topaz Premyer Liqasının XVI turunun ilk günü avtoqolla əlamətdar olub. “Bayıl Arena”da keçirilən “Rəvan” – “Sumqayıt” oyununda meydan sahiblərinin müdafiəçisi Saşa Yunisoğıu topu öz qapısından keçirib. Bu, mövsümün avtoqolu olmaqla yanaşı, həm də təcrübəli arxa xətt oyunçusu üçün antirekordçular sırasında düşməsi ilə nəticələnib. Belə ki, Saşa ölkə çempionatlarında 3-cü dəfə avtoqola üzülüb. O, 1999/2000 mövsümündə “Xəzər Universiteti”nin üzvü kimi “Şəfa” ilə, 2009/10 mövsümündə isə “Bakı”nın müdafiəçisi kimi “İnter”lə görüşdə öz qapısına qol vurmuşdu. 3-cü dəfə eyni uğursuzluğu yaşayan Yunisoğlu Azərbaycan çempionatlarında ən çox avtoqol edən 3 oyunçudan biri olub. Onadək Ayxan Abbasov və Natiq Qasımov da hərəyə 3 dəfə eyni uğursuzluğu yaşamışdı. 16 futbolçu isə 2 dəfə belə halla üzləşib.

Xatırladaq ki, cari mövsümdə Saşayadək 2 dəfə Cəmil Hacıyev (“Sumqayıt”), hərəyə 1 dəfə isə Yamin Ağakərimzadə (“Rəvan”) və Zaman Mirzəzadə (“Xəzər Lənkəran”) öz qapısına qol vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43