Ölkə futbolu

“Hansı klub maliyyə şərtlərinə cavab versə, o da Premyer Liqada oynayacaq”

AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb…

-İcraiyyə Komitəsinin iclasında hansı qərarlar qəbul olundu?
– Bəzi məsələləri müzakirə etdik. Bölgələrdə futbolla bağlı danışıqlar apardıq. Qərara əsasən, Tovuzda yeni futbol akademiyası açılacaq. Maliyyə məsələsi ilə bağlı FIFA və UEFA ilə danışıqlarımız olacaq. Çalışacağıq ki, vəsaitin bir hissəsini FİFA və UEFA öhdəsinə götürsün. Bu işi yaxın zamanlarda icra etməyə çalışacağıq.
Ötən il əvəzedici komandalarla bağlı qərarlar qəbul olunmuşdu, onlar I Divizionda iştirak edirdilər. Həmin qərarla bağlı dəyişikliklər ola bilər. Əvəzedici komandalara AFFA 50 min manat maliyyə vəsaiti ödəyəcək. İmtina edənlər isə 100 min manat cərimələnəcəklər.
Qadınlardan ibarət milli komandaların baş məşqçiləri dəqiqləşdi. Buna qədər fəaliyyət göstərirdilər, bu gün isə onların namizədliyi təsqidləndi.
VAR sistemi ilə bağlı danışıqlar apardıq. Bununla bağlı araşdırma aparılacaq. VAR-tətbiq edilməsi gələn mövsüm üçün mümkün deyil. VAR-ı tətbiq etmək üçün 10 aya yaxın müddət lazımdır. Araşdırma və təhlillərdən sonra texniki məsələlərlə bağlı İcraiyyə Komitəsinə məlumat veriləcək.

– Tovuzda akademiya açılacağından danışdınız. Tovuzdakı akademiya da Sumqayıtdakı kimi olacaq? Çünki Sumqayıtdakı akademiya uğurlu olmayıb.
– Sumqayıtda uşaq və yeniyetmə akademiyası açmamışdıq. “Turan Tovuz” klubunun nəzdində akademiya açılacaq və buna AFFA nəzarət edəcək. Həmin uşaqlar daim nəzarətdə olacaqlar. Sumqayıtda belə bir layihəmiz olmayıb. Uşaqlar peşəkar müqavilə ilə kluba məxsus olacaqlar və maliyyə gəliri kluba qalacaq. Klubun həmin uşaqları digər klublara icarəyə vermək və satmaq hüququ olacaq.

– Hesabatda göstərilir ki, elit-məşq layihəsinə vəsait ayrılıb. Ancaq bildiyimizə görə, ötən il Azərbaycanda elit-məşq layihəsi olmayıb.
– Biz həcmi azaltdıq. Bu layihə müxtəlif bölgələrdə davam edir. Ona görə bu vəsait istifadə olunub.

– Növbəti mövsüm Premyer Liqada iştirak etmək üçün yalnız “Turan Tovuz” klubu müraciət edib. Bu, akademiyanın yaradılması ilə bağlı ola bilərmi?
– Müsbət təsiri ola bilər. Buna inanıram. Peşəkar Futbol Liqasının qapıları bütün klubların üzünə açıqdı. Hansı klub maliyyə şərtlərinə cavab versə, o da Premyer Liqada oynayacaq.

– Növbəti mövsüm Premyer Liqada komanda sayının artırılması ilə bağlı müzakirə aparıldı?
– Biz istəyirik ki, 10 komanda olsun. Lakin bizdən asılı olmayan məsələlər var. Klubların sponsoru olmalıdı. Lisenziyalaşdırma proseslərini izləyək. Görək, neçə komanda şərtlərə cavab verəcək.

– Gənclərdən ibarət futzal millimiz bu yaxınlarda biabırçı məğlubiyyətlə üzləşdi. Fuzal akademiyasının açılması ilə bağlı fikir varmı?
– U-19 futzal millimizin oyununda olmuşam. Bu, ilk oyun idi və uğur gözləmək olmazdı. Bəli, ola bilər ki, biz gecikmişik. Yəqin ki, biz əsas diqqətimizi əsas futzal millisinə ayırmışıq. Artıq gənclərdən ibarət futzal millimiz də var. Yenə deyirəm, ola bilər ki, biz bir neçə il gecikmişik. Ancaq indi UEFA-nın tələbləri var. Millimizin baş məşqçisi ilə gənc futzalçıların yetişdirilməsi ilə bağlı müzakirə aparmışıq.

– Region Liqasının əhatə dairəsi genişdi. Bu liqadan I Diviziona yüksələn komanda olacaq?
– Bir komanda müraciət edib. Həmin komandanın rəhbərliyi ilə yaxın günlərdə görüşəcəyik. Sevindirici haldı ki, bölgələrdə Region Liqasına böyük maraq var.

– AFFA-nın maliyyələşdirdiyi klublardan biri də “Kəpəz”di.  Lakin mövsümün gedişində klubda maliyyə problemi var idi. İndi “Kəpəz”də vəziyyət necədi?
– “Kəpəz”də maliyyə problemi yoxdu. Sadəcə, əmək haqqlarına gecikmə oldu. Bu da rəhbərliyin istefası ilə bağlı idi. Növbəti mövsüm “Kəpəz”də rəhbər dəyişikliyi olacaq.

– Region Liqasına limit tətbiq etməyi düşünmürsünüz?
– Bu, həvəslar statuslu turnirdi. Əgər limit tətbiq etsək, həvəskar statuslu turniri peşəkar edə bilərik. İki il sonra mütəxəssislərlə məsləhətləşib qərar qəbul edə bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43