Ölkə futbolu

“Hazırda Mutunun məşqçilik işindən danışmaq gülünc olar”

“Yay toplanışından sonra oyunlar çətin olur. “Sabah” tam formalaşmış komanda olsa da, yeni gələnlərə vaxt lazımdır. Tam hazır deyillər. Aleksey Kaşukun yerini doldurmaq mümkün olmayıb. Bəzən deyirlər ki, futbolda əvəzolunmaz oyunçu olmur. Ancaq qətiyyən belə deyil. Namiq Ələsgərov “Neftçi”dən gedəndə komanda demək olar çökdü. Çünki lider yox idi. “Sabah” da səviyyəli futbolçular alıb, sistemə uyğunlaşdırmaq lazımdır. Açığı, “Neftçi” “Jelezniçar”dan, “Sabah” da RFŞ-dən bir pillə üstün idi”.

Bu sözləri idmanxeber.az saytına futbol meneceri Erkin İbrahimov “Sabah”ın Konfrans Liqasındakı çıxışını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“Dünən “Sabah”ın oyununda idim. Gözəl təşkilatçılıq var idi. Məqsəd klub yaratmaqdı, bunu da etdilər. Artıq “Qarabağ”a rəqib oldular, ötən mövsüm KL-də qrup mərhələsində çıxış edən komandanı iki oyunda da məğlub etdilər.  Düzdür, dünən ilk hissədə oyun planında axsamalar var idi. Buna da səbəb oyunçuların adaptasiya problemi və rəqibin çempionatı davam etdiyi üçün hazır durumda olmasıdır. Avrokubok təcrübəsini də unutmaq olmaz. “Sabah”ın ən böyük mənfi tərəfi budur. İndiki rəqib daha böyük klubdur. “Partizan” adlı-sanlı komandadır. Ancaq “Sabah” dediyim mənfi cəhətləri aradan qaldıra bilsə, Serbiya təmsilçisi ilə başa-baş oynamaq olar”.

İbrahimov “Sabah”la yanaşı, “Nefçti”nin “Jelezniçar” görüşü barədə də danışıb:

“Bakı klubu Bosniya və Herseqovina təmsilçisindən üstün komandadır. Hətta transferlər olmasaydı belə, ötən mövsümkü heyətlə də onları keçmək olardı. Səfərdə heç-heçə olsa da, evdə qələbə gəldi. Bu da nəticədir. Hazırda Adrian Mutunun məşqçilik işindən danışmaq gülünc olar. Çünki təzə gəlib. Müdafiə xətti etibarlı təsir bağışlayır. Yuri Matias hiss olunur ki, çox yaxşı futbolçudur. O, müdafiənin liderinə çevriləcək. Hücumçu problemi var. Komanda faktiki hücumçusuz oynayır. Yeni oyunçular gəlsə belə onlara da vaxt lazımdır.

Görünən odur ki, Mutu Regekamfla müqayisədə daha yaxşı motivatordur. Yaxşı karyerası olub, böyük futbolçularla oynayıb, güclü məşqçilərin rəhbərliyi altında çalışıb. Sözsüz ki, onların hər birindən nəsə götürüb. Komanda ilə dil tapdığı görünür. 3-4 ay sonra onun işinə qiymət vermək olar. Murad Musayev “Sabah”a gələndən bir müddət sonra onun futbol fəlsəfəsi bəlli oldu. Açığı, “Beşiktaş” önündə komandanın şansları azdır. Futbolçu çartışmazlığı var. Gələnlərin hansı formada olduğunu dəqiq bilmirik. Ancaq ümidli olmaq üçün səbəb var. Yeni rəhbərliyə uğurlar arzulayıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43