Ölkə futbolu

“İmişli”də böyük planlarımız var”

Cari mövsümü I Divizionda istədiyi kimi keçirməyən “İmişli” komandası hazırda turnir cədvəlində 20 xalla 13-cü pillədə qərarlaşıb. Bölgə təmsilçisi mövsümün uzun hissəsini İmişli şəhər stadionunun yararsız vəziyyətdə olması səbəbindən Saatlıda keçirməyə məcbur qalmışdı.

Ancaq bir müddətdir ev oyunlarına doğma meydanda çıxan bölgə klubu azarkeşləri stadiona cəlb edə bilib. Komandanın uğursuz çıxışı tamaşaçıların tribunaları doldurmasına mane olmayıb.

Belə ki, “İmişli”nin son üç ev görüşündə stadionda 11 min azarkeş qeydə alınıb. Komandanın növbəti mövsüm daha yaxşı çıxış edəcəyi təqdirdə, əminliklə bu rəqəmin artacağını demək olar.

Mövsümü dəyərləndirməsi və komandanın gələn ilki planlarından xəbərdar olmaq üçün bölgə klubunun baş məşqçisi Ruhid Usubovla əlaqə saxladıq.

O, idmanxeber.az saytına “İmişli”nin gələn mövsüm daha güclü olacağını bildirdi:

“İmişlidə futbola həmişə sevgi olub. Bir ara tamaşaçılar futboldan küssə də, AFFA-nın da köməkliyi ilə onları stadiona qaytara bildik. Buna görə də çox sevincliyik. Burada böyük planlarımız var. Gələn mövsümə yaxşı oyunçular gətirib, güclü komanda qurmaq istəyirik. Hədəfimiz növbəti mövsüm ən azı ilk “3-lüy”ə oynamaqdır. Artıq bunun üçün çalışmalarımız başlayıb.

Bu il çox çətinliklərimiz oldu, bunları heç kim görmür. Futbolçu, məşq, stadiondan baxımından xeyli əziyyət çəkdik. Rəhbərliyin səyi nəticəsində yavaş-yavaş hamısı öz həllini tapır”.

Usubov stadionun ot örtüyünün hələ də ideal vəziyyətdə olmamasına da toxunub. O, yayda qazonu yeniləyəcəklərini açıqlayıb:

“Bölgələrdə qazonu saxlamaq çətindir. Bu gün Premyer Liqa komandaları belə bunun öhdəsindən gələ bilmir. Bizim də bu barədə müəyyən çətinliyimiz var. Bu, bir-iki aya düzələn bir şey deyil. “İmişli” uzun müddətdir ki, rayonda oynamırdı. Hələ bu səviyyəyə gətirmək üçün nə əziyyətlər çəkmişik. Stadionda işıq, su yox idi. Hamısını düzəltmişik. Yaya qədər ot örtüyü də düzələcək. Yeni qazon salınacaq”.

O, rəhbərliyin sponsor məsələsi ilə bağlı çalışmalarının olduğunu da vurğuladı:

“Sponsor məsələsi ilə bağlı danışıqlar gedir, rəhbərlik bununla bağlı çalışmalarını davam etdirir. Gələcəkdə yaxşı olacağına dair ümidlərimiz var. Ancaq hələ ki, AFFA-dan başqa bizə kömək edən yoxdur”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43