Dünya futbolu

Kardiffdə final matçından əvvəl atəşfəşanlıq olacaq

Bu il Çempionlar Liqasının final matçından əvvəlki mərasim ötən illərin şou-proqramları ilə müqayisədə daha çox sayda işıq effektləri və pirotexnik vasitələrlə müşayiət ediləcək. Bu barədə mərasimi hazırlayan “Filmmaster Events” şirkətinin baş meneceri Andrea Françizi TASS-a müsahibəsində deyib.

Turinin “Yuventus” və Madridin “Real” komandaları arasında turnirin final matçı bu gün (Bakı vaxtı ilə saat 22:45-də başlayır) Kardiffdə keçirilir.

“Bu il biz yeni səhnə hazırlamışıq. Səhnənin yanında çoxlu işıq qurğuları yerləşdiriləcək və bu da təsvirləri tribunalara proyeksiya edəcək. “Odlu-alovlu” şou daha effektiv olacaq, həmçinin atəşfəşanlığı xeyli çoxaltmışıq. Bütün bunlar mərasimi möhtəşəm edəcək”, – deyə A.Françizi bildirib.

Çempionlar Liqasının final matçından əvvəlki mərasimdə “Black Eyed Peas” qrupu çıxış edəcək. Bütün mərasim 15 dəqiqə davam etməlidir.

“Ən çətini bu işləri vaxtında görməkdir. Çünki mərasimdən sonra meydanı təmizləməyə cəmi iki dəqiqəmiz olacaq. Bu matçı dünyanın çoxsaylı tamaşaçıları izləyəcək. Ona görə də dəqiq işləmək lazımdır. Səhnədə çoxlu sayda elementlərdən istifadə edəcəyimiz üçün keçən illə müqayisədə bizə çətin olacaq”.

Şouda 150 adam iştirak edəcək, ona görə də meydanın ot örtüyünü qorumaq üçün xüsusi parçadan istifadə olunacaq. Bütün bunları qısa müddətdə sökmək lazım gələcək. Bu qərar təhlükəsizlik məqsədilə qəbul edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43