Dünya futbolu

“Konyaspor” danışıqlara başlayır: Mahir klubda qalacaq?

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” növbəti mövsümün planlamasına başlayır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik bu həftə müqaviləsi başa çatan 6-7 oyunçu ilə danışıqlara başlayacaq. Klub baş məşqçi Aleksandar Stanoyeviçin siyahısına əsasən qərar verəcək.

Mövsüm sonuna qədər icarə əsasında “Konyaspor”da çıxış edən Emreli barədə fikirlər pozitivdir. Ancaq hələlik Mahirin komandada qalacağı yönündə yekun qərar verilməyib. 

Millimizin futbolçusunun növbəti oyunlardakı performansı “Konyaspor”dakı taleyini bəlirləyəcək. Aktivində cəmi bir qol olan hücumçunun məhsuldarlığını artırması gözlənilir.

Bunlarla yanaşı, Emrelinin maliyyə şərtləri də qərara təsir edəcək. Çünki Konya təmsilçisi növbəti mövsümdə yüksək maliyyətli oyunçularla çalışmağı düşünmür. 

Xatırladaq ki, 25 yaşlı oyunçu müqavilə ilə “Dinamo” (Zaqreb) klubuna məxsus olsa da, “Konyaspor” futbolçunun satın alma hüququna malikdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43