İdman

“Liqanın keyfiyyətini yüksəltmək üçün legioner sayını artırmaq lazımdır”

“Gəncə” basketbol komandasının baş məşqçisi Bedri Meriç İdmanxeber.az saytına müsahibə verib.

– Ümumi olaraq mövsümü necə dəyərləndirirsiniz?

Mövsümü istədiyimiz yerdə bitirə bilmədik. Pley-off üçün çalışsaq da, hədəfimiz rellaşmadı. Federasiya bizə gənc oyunçuları vermişdi. Onların inkişafına töhvə verdiyimizi düşünürəm. Xüsusilə də 18 yaşlı Tarıyel Yusifzadə bizimlə birlikdə çox yol qət edib.

– Federasiyanın təklifiylə Azərbaycana gəlmişdiniz. Mövsümün sonunda müqaviləniz başa çatır. Yeni müqavilə təklif olunsa, sizin şərtləriniz nədən ibarət olacaq ?

Mövsüm bitəndən sonra bu məsələləri danışmaq üçün mayda Bakıya gələcəm. Burada gəncəlilərlə yaxşı münasibət qurmuşuq. Yaxşı büdcə ilə hər şey uyğun olarsa, burada qalmaq istəyimiz var. Azərbaycan basketbolunun inkişafına dəstək olmaq üçün qalmağı düşünürəm.

– Federasiya sizə verdiyi bütün sözləri tutub?

Yerli oyunçularda sıxıntı yaşadıq. Digər komandalarla müqayisədə bizim yerli oyunçular zəif oldu. Keçən il bizdə oynayan Amil milli komandanın kapitanıdır, Cəbrayıl “Sərhədçi”nin ən yaxşı üzvlərindən biridir. NTD INDIGO-da çıxış edən Əkbər ribaund və blok barəsində liqanın ən yaxşılarındandır. Bu 3 oyunçunun “Gəncə”dən ayrılması və yerlərinin doldurulmaması bizim üçün çox pis oldu. Növbəti il belə olmamalıdı.

– Türkiyə ilə Azərbaycan basketbolunda nə kimi fərqlər var?

Ən böyük fərq aşağı yaş qruplarından başlayır. Gənc oyunçulara təməl təhsilin verilməsində bəzi problemlər olduğunu düşünürəm. Bizə 2 gənc oyunçu gəldi. Bir çox oyun haqqında məlumatı bizimlə öyrəndi. Məşqdə mənə dedilər ki, biz bu şeyləri ilk dəfə gördük. Aşağı yaş qruplarında uşaqları yetişdirərkən daha diqqətli olmaq lazımdır. Bunun üçün də oradakı məşqçilərə daha yaxşı maaş vermək lazımdır. Bütün məşqçilər əsas komanda da çalışmaq istəyir, ancaq hər şey aşağıdan başlayır. Mənim Azərbaycanda gördüyüm ən böyük problem budur.

– Hazırda legioner limiti  “3+2” kimi tətbiq olunur (3 legioner/2 yerli). Limitin ləğvi Azərbaycan basketbolunu daha irəli apararmı?

Liqanın keyfiyyətini yüksəltmək üçün legioner sayını artırmaq lazımdır. Amma öz oyunçularımıza yol açmaq istəyiriksə, onların sayını çoxaltmalıyıq. Burada belə bir problem var. Bunu bizim komandada yaşamışıq. Limit olanda azərbaycanlı basketbolçu “oynayacam” düşüncəsi ilə özünü inkişaf etdirmir. Məncə, “4+1” sistemi daha yaxşıdır. Bu zaman həmin bir yer üçün oyunçu özünü daha çox inkişaf etdirəcək.

– Federasiyaya bu barədə təklif vermisiniz?

 Bu məsələ hazırda federasiyada danışılır. Növbəti ildən “4+1” sistemi olma ehtimalı yüksəkdir. Hələlik rəsmi açıqlanmasa da, bu barədə söhbətlər gedir.

– Artıq 6-7 aydır Gəncədəsiniz. Bura sizin üçün doğmalaşıb?

Gəncəni çox sevdim. Hamı üçün bunu deyirəm. Klubda çalışanlar, məşqçi dostlarımız, həkim heyəti, jurnalistlər hər kəs bizə çox yaxşı davrandı. Özümü başqa bir ölkədə kimi hiss etmədim. Bunun üçün minnətdaram. Bakıda da olmuşam, bura Bakıdan fərqlidir. Gəncədə özümü Türkiyədəki kimi hiss edirəm.

– Çempionatımızda başqa türkiyəli məşqçilər də var. Onların burada olmağı sizin işinizə də müsbət təsir edir?

Hazırda çalışan Murat və Uğurla həmişə danışırıq. Muratla daha öncədən Türkiyədə birlikdə çalışmışıq. Basketbola baxışımız da eynidir. Azərbaycan basketboluna nə verə bilərik deyə, müzakirələr aparırıq. Buna görə buradayıq. Əlbəttə bunun xeyrinin olduğunu düşünürəm. Mən federasiyaya belə bir təklif vermişəm. Hər komandada bir türkiyəli oyunçu əcnəbi sayılmadan çıxış etməlidir. Bu qayda basketbolu inkişaf etdirməyə də kömək edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43