İdman

Media Komitəsində absurd – Elxan Məmmədova açıq məktub

AFFA yanında Media Komitəsinin İdarə Heyətində yaranan vakant yerə namizədlik irəli sürmək üçün tələb olunan şərtlər birmənalı qarşılanmayıb. MK namizədliyini irəli sürmüş jurnalistlərin komitədə minimum 6 ay təmsil olunmasını və ali təhsil diplomunun olmasını tələb edir. Halbuki MK-nın Əsasnaməsində belə bir bənd yoxdur. Bu, Əsasnamənin pozulması deməkdir.

Həm bu məsələ, həm də saytına qarşı baş vermiş digər haqsızlıqlarla bağlı sport24.az saytının təsisçisi Ceyhun Əliyev AFFA-nın baş katibi Elxan Məmmədova açıq məktub ünvanlayıb. Həmin yazını təqdim edirik:

Hörmətli Elxan müəllim!

2017-ci ilin mart ayının 9-da sport24.az saytını təsis etmişəm. Bundan sonra rəhbəri olduğum qurumun AFFA yanında Media Komitəsinə üzv seçilməsi üçün İdarə Heyətinə elektron məktubla müraciət etmişəm. Təəssüf ki, İdarə Heyəti əllərində yeganə əsas saytın yeni yaradılmasını bayraq edərək, sport24.az-ı Media Komitəsinə qəbul etməkdən boyun qaçırıb. Məsələ ilə əlaqədar Komitənin İdarə Heyətinin sədri Mahir Rüstəmliyə zəng vurub, saytın yeni olmasına rəğmən, yaradıcı heyətin ancaq 2 üzvününü idman mediasındakı iş stajının 32 ilə bərabər olduğunu, habelə saytın gündəlik materaillarının nə dərəcədə ciddi olmasını bildirmişəm. Rüstəmli etirazımı anlayışla qarşıladığını və telefonda dediklərimi rəsmi müraciət formasına salmağımı xahiş etmişdi. Eyni zamanda məsələnin müsbət həlli üçün bütün səylərini göstərəcəyini vurğulamışdı. Təkrar müraciət etdikdən sonra yenidən komitəyə üzv qəbul olunmamağımla bağlı verdikt çıxarıldı. Bundan sonra İdarə Heyətinin açıqladığı yekun qərar isə paradoksal idi: “Qarşıdan yeni seçki gəlir. İdarə Heyətinin yeni üzvləri məsələyə baxar”. Kuluarlardan gələn cavab da maraqlı idi: “Sport24.az-la yanaşı, daha bir neçə sayt üzvlük üçün namizədlik verib. Sənin saytını üzv qəbul etsək, digərləri inciyər”.

Nəhayət, aprel ayında sport24.az AFFA yanında Media Komitəsinin tamhüquqlu üzvü qəbul olundu. Aydın məsələ idi ki, İdarə Heyətinin bir sıra üzvləri sport24.az-ın İdarə Heyətinə seçkidə iştirak etməməsi üçün məhz prosesdən  sonra üzvlüyə qəbul olunması üçün əllərindəki rıçaqdan istifadə etdi. Əsas "arqument"  də Əsasnamə idi. Qeyd edim ki, AFFA yanında Media Komitəsi yeni üzvlərin qəbuluna 1 ay ərzində baxa bilər. Daha tez də mümkün ola bilər. Ancaq Əsasnaməni rəhbər tutaraq, məhz maksimal uzatmaya üstünlük verdilər. Əlbəttə, bu, olduqca ciddi siqnal idi. Lakin yenə də hansısa nifaqın salınmaması üçün ikinci dəfə də susdum.

 

Bir neçə gün əvvəl İdarə Heyətinin üzvü Elçin Cəlilov istefa verdi və vakant yerə yeni namizədlərin müraciətlərinin qəbulu elan olundu. Ancaq İH növbəti absurd qərarı ilə “səbr kasa”mı daşdırdı. İndi də İH-yə seçilmək üçün minimum 6 ay ərzində Media Komitəsinə üzvlük şərt kimi irəli sürüldü. Üzvlərin qeydə alınması tarixi 20 iyun göstərildi. Qərara etiraz etmək üçün sədr Mahir Rüstəmliyə dəfələrlə etdiyim zənglər cavabsız qaldı. Onun müavini İlqar Tağıyevlə isə danışmaq mümkün oldu. Həmkarıma Əsasnamənin 1.5 və 4.5 bəndlərini ciddi şəkildə pozduqlarını bildirdim. Məni dinlədikdən və sadaladığım bəndlərə diqqət yetirdikdən sonra Tağıyev iradlarımın tamamilə haqlı olduğunu və iyunun 20-də keçiriləcək iclasda bu etirazla bağlı məsələ qaldıracağına dair söz verdi. Təəssüf ki, “köhnə hamam, köhnə tas”. Yeganə məqam bundan ibarət oldu ki, İdarə Heyətinin sədr müavini Mahir Rüstəmlinin nəhayət ki, mənə zəng vuracağnı bildirdi. Ancaq dialoqumuz səmərəsiz alındı.

Əsasnamənin "Quran ayəsi" olmadığını və istənilən vaxt İdarə Heyətinin orda dəyişiklik etmək kimi müstəsna hüququnun olduğunu bildirdikdə isə yenidən 1.5 və 4.5 bəndləri məsələsini qaldırdım. Rüstəmliyə Əsasnamənin dərinliyinə, ola bilər ki, varmadığını və bu səbəbdən də belə qərara qol qoyduqlarını dedikdə fikrindən daşınmadı.

Hörmətli Elxan müəllim!

Araşdırmalarımın yekununda belə qənaətə gəldim ki, İdarə Heyətində bəhs etdiyimiz problemin həlli üçün adekvat mövqe tutanlar olub. Amma nədənsə məsələnin düyün şəklində qalmasında məhz sədrin müəmmalı marağı var. Odur ki, aşağıda sadalayacağım Əsasnamənin pozulan bəndlərində ümumilikdə İdarə Heyətini təqsirkar bilmirəm.

MEDİA KOMİTƏSİ HAQQINDA ƏSASNAMƏ:

1. ÜMUMİ MÜDDƏALAR

1.5. Əsasnamənin etibarlılıq müddəti məhdudiyyətsizdir. Dəyişikliklər və əlavələr AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiq olunur.

3.4. Komitə üzvünün aşağıdakı hüquqları var:

3.4.1. Bu Əsasnamədə və başqa sənədlərdə nəzərdə tutulmuş qaydada Komitənin idarəçiliyində iştirak etmək;

4. MEDİA KOMİTƏSİNİN STRUKTURU VƏ FƏALİYYƏTİNİN TƏŞKİLİ:

4.5. İdarə Heyətinin tərkibinə idman mətbuatı orqanlarının üzvləri seçilə bilərlər. İdarə Heyəti üzvlərindən 1 (bir) nəfərin namizədliyi AFFA tərəfindən verilir.

Göründüyü kimi.

1)    AFFA yanında Media Komitəsinə istənilən üzvün seçilmək hüququ var.

2)    AFFA yanında Media Komitəsinin Əsasnaməsini dəyişmək hüququna yalnız və yalnız AFFA-nın İcraiyyə Komitəsinin səlahiyyətləri çatır.

Bunu Mahir Rüstəmliyə xatırlatdıqda o, daxili qaydada Əsasnaməni dəyişmək hüquqlarının olduğunu bildirdi. Bu barədə bəndin göstərilməsini istədikdə isə cavab tapa bilmədi. Əvəzində daha bir sualıma maraqlı cavab aldım. Söhbət bundan gedir ki, İdarə Heyəti özbaşına Əsasnamədə dəyişiklik edə bilərsə, istənilən vaxt 1 illik İdarə Heyətinə seçilmiş şəxslərin 5, 10, 25 il müddətək İdarə Heyətində qalmalarına dair bənd əlavə edə bilərlər. Maraqlıdır ki, bu faktı Rüstəmliyə dedikdə, cavabı “bəli, 25 illiyə də qala bilərik” oldu. Ciddi dialoq zamanı istehzalı / ironik cavab. Ancaq məntiqlə, həqiqətən də, İdarə Heyətinin Əsasnaməyə müdaxilə etmək kimi müstəsna hüququ varsa, bu cür bəndlər də əlavə edə bilər.

İndi isə cavabsız qalan sual: nəyə görə, məhz 6 ay? Nəyə görə, Media Komitəsi üzvünün İdarə Heyətinə seçilməsi üçün minimum müddət 6 ay göstərilib? Cavab üzdədi. Sport24.az-ı namizədlər sırasından silmək.

Daha sonra Rüstəmli məsələni açıq müstəviyə çıxaracağım təqdirdə idman mediasından heç kəsin məni dəstəkləməyəcəyini bildirdi. Bu fikirlərə inanmasam da, mübarizədən çəkilməyəcəyimi və hüquqlarımın bərpa olunması üçün bütün mümkün mexanizmlərdən istifadə edəcəyimi bildirdim.

Rəhbəri olduğum sayta maksimal məbləğlə qarşılanan Layihəni təqdim etdiklərini bildirən sədr bunu sanki cibindən ödənilən vəsait kimi təqdim etməyə çalışdı. Burda növbəti aylarda təqdim ediləcək layihələrdə məbləğin azaldılmasına dair xəbərdarlığın edilməsi sətirarası rahatlıqla oxundu. Ancaq hansısa pula görə haqlı mövqedən çəkilmək niyyətim yoxdu.

Hörmətli Elxan müəllim!

Yuxarıda yazılanları rəhbər tutaraq AFFA yanında Media Komitəsinin İdarə Heyətinə vakant qalan posta seçkilərin qeyri-müəyyən müddətədək təxirə salınmasını və İdarə Heyətinin bütün üzvlər tərəfindən qəbul olunmuş Əsasnaməyə hörmətlə yanaşmasına nail olmağı xahiş edirəm.

Hörmətlə,

CEYHUN ƏLİYEV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43