Müsahibə Ölkə futbolu

“Oyunumuza baxanda nəticələr haqsızdır” – “Araz Naxçıvan”ın futbolçusu

Cari mövsüm Premyer Liqaya yüksəlməyi bacaran “Araz Naxçıvan” geridə qalan 3 oyundan sonra bir qələbə qazanıb. İllərdir Premyer Liqa həsrətində olan Naxçıvan təmsilçisinin bu arzusu gerçəkləşsə də, komandanın yüksək liqaya hazır olmadığı görülür. Ev oyunlarını Bakıda keçirməyə məcbur qalan “Araz Naxçıvan”, heyətini də tələm-tələsik hazırlayaraq mövsümə başladı. 

İlk turda “Turan Tovuz”a məğlub olan Azər Bağırovun yetirmələri növbəti oyunda formasından uzaq olan “Qəbələ”ni məğlub etdi. Komanda “Qarabağ”a qarşı yaxşı mübarizə aparsa da, son dəqiqələrdə buraxılan qolla meydandan xalsız ayrıldı.

Heyətə cəlb edilən yeni oyunçulardan legionerlərlə bərabər çıxışı ilə diqqət çəkən yerli futbolçular da var. Onlardan biri də ötən mövsüm “Səbail”də çox forma şansı ala bilməyən Turan Manafovdur. 25 yaşlı müdafiəçi geridə qalan 3 oyunun hamısında meydana start heyətdə çıxıb. Manafovla komandanın bu oyunlardakı çıxışı və cari mövsüm hədəfləri barədə danışdıq:

-“Qarabağ”la oyunda xal qazanmaq üçün nə çatmadı?

Konsentrasiya problemi oldu. Son dəqiqələrdə biraz daha diqqətli olmalı idik. Xal almağa layiq oynamışdıq. Axırlara yaxın yorğunçuluq da hiss olundu. Çünki oyun boyu çox qaçdıq, mübarizə apardıq. Təəssüf ki, meydanı xalsız tərk etdik.

-3 oyunda 2 məğlubiyyət, bir qələbə var. Bunu necə şərh edirsən?

Deməzdim ki, yaxşı göstəricidi. Ancaq yeni yığılan komandayıq. Hər şeyi nəzərə alanda, pis deyil. Məğlub olduğumuz matçlarda belə yaxşı çıxış etmişik. Fərqli nəticələr olmayıb, meydanda oyun göstərmişik. Necə olduğumuz göz qabağındadır. Oyunumuza baxanda nəticələr haqsızdır. Mübarizəyə görə azı 5-7 xalımız olmalıydı. Ancaq təəssüf ki, belə deyil. Qarşıdakı görüşlərdə itirilən xallar bərpa ediləcək.

-Ümumiyyətlə, heyət səviyyəniz barədə nə düşünürsən?

-Çempionata iddialı hədəflə başlayanlardan əskik oyun göstərmirik. Son görüşdə də hamı buna şahid oldu. Bir çoxundan daha yaxşıyıq. Heyətimizdə elə oyunçular var ki, komandaya cəmi bir neçə gün öncə qoşulub. Belə baxsaq, özüm ayın 14-də gəlmişəm. Heç bir ay deyil. Legionerlər isə daha sonra gəlib. Cəmi bir neçə həftə birlikdə məşq etmişik. Bu qədər çatışmazlıqlar qarşısında komandanın hansı səviyyədə olduğu görünür. Nəyə ümid etmək olar göz qabağındadır. Mənim gözləntilərim yüksəkdir. Çempionata başlamamışdan öncə bizim haqqımızda autsayder deyirdilər. Belə olmadığını göstərəcəyik. Komadanya çox inanıram, heç kimdən zəif deyilik.

-Hədəf Premyer Liqada qalmaqdır?

-Məncə, bu iddiada olmaq hədəf deyil. Çempionatda qalmaq üçün mübarizə aparmağı hədəf olaraq seçmək olmaz. Əgər biz avrokuboklar üçün mübarizə aparacağıqsa, o zaman buna hədəf demək olar. Onu da zaman göstərəcək. Biz yuxarı pillələr üçün mübarizə aparacağıq. 

-Bakıda oynamağa davam edəcəksiniz?

-Bu barədə bizə heç məlumat verilməyib. Deyəsən, Naxçıvandakı stadionda hələ çalışmalar başlamayıb. Səhv etmirəmsə, sentyabrdan sonra işlərə start veriləcək. Bu il çatacağına inanmıram. Ola bilsin ki, gələn ilə qədər tam düzələr.

-Komandanın güclənməyə ehtiyacı var?

Açığı, bu barədə konkret nəsə deyə bilmirəm. Çünki bilirsiniz ki, bu bizim işimiz deyil. Amma bildiyim qədəri ilə axtarışlar davam edir. Yeni transfer ola bilər. Ancaq kimin gələcəyi barədə məlumatım yoxdur. Azı bir futbolçunun heyətə cəlb edilməsi gözlənilir.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43