Ölkə futbolu

PFL-dən “Araz Naxçıvan” açıqlaması: “Klub stadion danışıqlarını davam etdirir”

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Araz Naxçıvan” komandasının ev oyunlarını harada keçiricəcəyi hələ də bəlli deyil. Komandanın heyət, büdcə məsələləri ilə yanaşı, stadion probleminin də olması Naxçıvan təmsilçisinin yeni mövsümdə işinin heç də asan keçməyəcəyindən xəbər verir.

Bəlli məsələdir ki, Peşəkar Futbol Liqasının Premyer Liqa üçün öz tələbləri var. Bunların ən başlıcası klubun stadionu və infrastrukturla bağlı vəziyyətdir. Bir müddət öncə Naxçıvan Muxtar Respublika Stadionunda çalışmaların başladığı bildirilsə də, qeyri-müəyyənlik davam edir. Artıq “Araz Naxçıvan”ın yeni mövsümdən ev oyunlarını Bakıda keçirəcəyi iddia olunur.

Məsələ ilə bağlı son durumun nə yerdə olduğunu bilmək üçün PFL-in texniki-idman direktoru Elgiz Abbasovla əlaqə saxladıq. Qurum rəsmisi məsələ ilə bağlı idmanxeber.az saytına bunları dedi:

“Bəli, müəyyən məqamlar hələ də öz həllini tapmayıb. Lakin sevindirici hal odur ki, “Araz-Naxçıvan”dan müsbət mesajlar gəlir. Komanda məşqlərə başlayıb. Oyunçu seçimləri aparılır. Klub stadion danışıqlarını davam etdirir. Muxtar respublika təmsilçiləri də qısa müddətdə doğma meydanlarında oynamaları üçün çalışırlar. Danışıqlarımız davam edir. Onlar öz doğma arenalarında rəqiblərini qəbul etməyə ancaq Peşəkar Futbol Liqasının infrastruktur ilə bağlı tələbləri həll olunduqdan və təftiş aparıldıqdan sonra qayıda bilərlər. Məsələ ilə bağlı texniki-idman departamenti daim əlaqədədir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43