Ölkə futbolu

“Qarabağ” azarkeşlər üçün çətin olanı seçdi

“Qarabağ” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turunda Çexiya “Slovan”ını Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da qəbul edəcək. 

Klubun direktoru Əmrah Çəlikəl bu barədə “report”a  məlumat verib.

Ə.Çəlikəlin sözlərinə görə, bu gün Bakı Olimpiya Stadionuna da baxış keçirildikdən sonra belə qərar qəbul edilib: “Bu gün əməkdaşlarımız Bakı Olimpiya stadionunda olub. Arenaya baxış zamanı ot örtüyünün Tofiq Bəhramov adına Respublika stadionunkundan ciddi fərqlənmədiyi qənaətinə gəlinib. Ona görə də digər variantımız olan “Dalğa Arena”da oynamağa qərar vermişik”. 

“Qarabağ” rəsmisi stadion seçimi barədə UEFA-nı da məlumatlandıracaqlarını və təsdiq cavabı alacaqları təqdirdə, “Slovan”ı “Dalğa Arena”da qəbul edəcəklərini bildirib. O, digər ev oyunlarını isə icarəyə götürdükləri Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini açıqlayıb: “Hazırda Respublika stadionunda ot örtüyünün təmirinə başlanılıb. Düşünürəm ki, ikinci ev oyunumuzadək öz stadionumuz hazır vəziyyətə gələcək və oyunlarımızı orada keçirəcəyik”. 

Qeyd edək ki, “Qarabağ” “Slovan”ını sentyabrın 15-də, Yunanıstan PAOK-unu oktyabrın 20-də, İtaliya “Fiorentina”sını isə dekabrın 8-də qəbul edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43