Ölkə futbolu

“Qarabağ”ın 36 oyunluq seriyası qırıldı

“Qarabağ” klubunun 36 oyunluq seriyası qırılıb.

İdmanxeber.az xəbər verir ki, bu “köhlən atlar”ın XXXV turda evdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzması sayəsində gerçəkləşib.

Komanda 2022/2023 mövsümündə ilk ev məğlubiyyətini alıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda öz meydanındakı 17-ci matçda xalsız qalıb. Əvvəlki 16 görüşdə ağdamlılar 12 qələbə qazanıb və 4 heç-heçə edib.

2021/2022 mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb. Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb.

Öz meydanında 828 gündən sonra yenilən Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası “Qarabağ”ın tarixində rekorddur.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 57 ev matçında uduzmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43