Kateqoriyasız

“Qəbələ” rəhbərliyinin acizliyi – YAZI

“Qəbələ”nin “Qarabağ” önündə ikinci 45 dəqiqə tab gətirə bilməməsi sonucda qonaqların böyühesablı yenilgisinə gətirib çıxartdı.

“Buz döyüşü”ndə də Ağdam klubunun üzvləri yenə güclü olduqlarını bir daha isbatladılar. Lakin maraqlı bir məqam matçdan sonra “Qəbələ”nin üzvü Elnur Allahverdiyevin səsləndirdiyi fikirlər oldu. 

“Legionerlər meydanda can qoymurlar. Pula görə çıxıb oynayırlar”.

Məhz  Elnurun bu açıqlaması gündəmi zəbt etdi desək, yanılmarıq… Müdafiəçi az qala klub daxilində baş verən problemləri, anormallığı açıb ağartdı. Halbuki nə qədər klub rəsmiləri və bəzi futbolçular bu nüansı gizlətsələr də, kor-kor, gör-gör.. Hətta Elnur belə sonda “partlamalı” oldu. Yəni, demədiyi qalmadı… Bir klub içindən birisi çıxıb reallığı dilə gətirirsə, bundan o tərəfi də varmı?

Batmaqda olan gəmiyə bənzəyir “Qəbələ”.  Legionerlərin göstərdiyi oyun, Yuri Syominin hər matç üçün qurduğu fərasətsiz planlarının məntiqi sonluğu yavaş-yavaş özünü biruzə verir. Bəli, hazırda “Qəbələ” böyük bir problemin içərisində üzür. Əyalət klubunda son dövrlər baş alıb gedən özbaşınalığın nəticəsi komandanın geriləməkdə olan oyununda və turnir cədvəlindəki enişində görünür. 

2014-cü ilin ev qələbəsinə həsrət Syominli “Qəbələ” hazırda özünü ən gülünc vəziyyətə salan klubdu. Təsəvvür edirsizmi ki, bu komandayla oyuda xal qazana bilməyən kluba pis baxılır? Yəni, qoyaq bir kənara “Qarabağ” darmadağınını… Bəs bundan öncə göstərilən baxımsız oyun və əldə olunan “məhsul”a nə don geyindiriləcək? Bu rəzalətin bir açıqlaması olmalıdı.

Tanınmış mütəxəssisdi, illərin təcrübəsidi, məşhur klublar çalışdırıb, nəticələri var dedik… Hətta artıq Syomin bu klubu yüksəklərə qaldıracaq, artıq hər şey qaydasındadı da yazdıq… İndi nə oldu? “Zədəlilərimiz var” deyə bəhanələr də artıq keçərli deyil… “Rəvan”la oyuna nə zədəli? Sənin ehtiyatda oturtduğun legionerlərin ikisinin qiyməti “Rəvan”ın 11 futbolçusunun ümumi dəyərindən çoxdu.

Rusiyalı çalışdırıcını nə qədər qınasaq da, burada ilk böyük yanlışı klub rəhbərliyi edir. Artıq ciddi şəkildə bu rəzalətə son qoyulmalıdı. Syomin göndərilməklə hər şey həll olunmasa da, çox şey dəyişəcək. Düzdü, mövsümün bitiminə 9 tur qalmış bu bəlkə də absurd qərar olar. Ancaq unutmayın ki, Syominin klubda qalması getməsindən çox ziyan verəcək. Onsuzda oyuna müdaxiləsi az qala sıfıra bərabər olan Syominin qalmasını şərtləndirən təkcə mövsümün bitməməsidirsə, gözləməyin, göndərin getsin. Bu “Qəbələ” onsuz da kənardan baş məşqçisiz görünür… Necə deyərlər, adı sizin, dadı özgənin…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43