İdman

Qurban Qurbanov: “Elvin Yunuszadə və Araz Abdullayevin xətaları oldu, heyətdən çıxardım”

“İstəməzdik uduzaq. Məğlubiyyətlə nə qədər tez tanış olsaq, yaxşı olardı. Ümumilikdə oyundan razı qaldım. Xeyli sayda qol imkanlarımız oldu. Bəzi futbolçularda həyəcan hiss olunurdu”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan – Belarus matçı sonraı baş tutan mətbuat konfransında millimizin baş məşqçisi Qurban Qurbanov deyib. Oyunla bağlı danışan Qurbanov bunları deyib: 

“Bütün futbolçulardan razı qaldım. Qarşıdakı oyunlar daha ağır olacaq. Azarkeşlərimizə xüsusi təşəkkür etmək istəyirəm”.

– Araz Abdullayev və Elvin Yunuszadə nə üçün heyətdə yox idi?

– Çox danışmaq istəmirəm, sadəcə Elvin Yunuszadə və Araz Abdullayevin xətaları oldu, heyətdən çıxardım.

– Narazı qaldığınız məqamlar oldumu?

– Nəticədən narazı qaldım. Birə-bir mübarizələrdə narazılığım yarandı. Yaxşı mübarizə aparmadıq. Məncə bu hala diqqət ayırmalıyıq.

– Elvin Yunuszadə və Araz Abdullayevin xətaları onların Antalyaya getməsinin də qarşısını alacaqmı?

– Xeyr, xətaları böyük deyil. Ancaq ola bilsin, biri qaldı, digəri getdi. Otelə qayıdıb, söhbət edəcəm.

– Bizim yığmamız nə vaxt hücum futbolu nümayiş etdirəcək?

– Bizim müdafiə futbolu oynamaq fikrimiz yoxdu. Mən heç kimə deməmişəm ki, topu arxaya aparın. Bəzən futbolçuların da öz fikirləri olur. Düşünmürəm ki, müdafiə futbolu oynamışıq. Qol vəziyyətlərimizə baxsanız görərdiz ki, necə hücuma fikir verirdik.

– U 21 millimizin Kosovo yığmasına məğlubiyyətinə necə şərh verərdiniz?

– Açığı, oyundan razı qaldım. Bəlkə kənardan başqa cür görünə bilər. Ancaq məşqçi gözü ilə baxanda gördüm ki, futbolçular məşqçilərinin dediklərini yerinə yetirdilər. Hava şəraiti də əlverişli deyildi. Meydanda 90 dəqiqə nizamlı oynayan yığmamız var idi. İnşallah, tələb edəcəyik ki, özlərini daha yaxşı göstərsinlər.

– Milli komandamızda Rəşad Sadıqova layiqli əvəzedici axtarırsınızmı?

– Rəşad Sadıqov hələ də futbol oynayır. Təbii ki, hər məşqçi istəyər ki, Rəşad kimi futbolçusu olsun. Desəm ki, Rəşad Sadıqovun əvəzləyicisini axtarıram, düzgün çıxmaz. Sabah lazım olacaq, Rəşad Sadıqovu geri qaytaracağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43