Müsahibə

Ramin Musayev: “Bu, Xaqaniyə ləkə yaxmaq üçün addımdır” (MÜSAHİBƏ)

Bu gün AFFA Klublar Komitәsinin iclası keçirilib. İclasdan sonra PFL prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb:

– Komitənin iclası gərgin keçdi?

–  Yox. Ümumi söhbət klublarla bağlı oldu. Ayın 11-də konfransdı. İclas olur. Klubların durumu ilə bağlı müzakirə apardıq. Əsas məsələ legionerlərə görə ödənilən rüsumla bağlı idi. Danışıb, razılaşdıq. Klubun problemi bizim problemdir. Hər oyunçuya görə 5 min pul ödəyəcəklər. Əvvəl bu məbləğ 20 min idi. 15 min endirimə getdik. O vaxt Rövnəq Abdullayev bu 20 mini deyəndə pul qazanmağı nəzərdə tutmurdu. Məqsəd gələn legionerlərin səviyyəsinin yüksək olması idi. Bu gün oyunçuların da sayı azalıb. Klubların da maddi durumu əvvəlki səviyyədə deyil.

– Standart 5 min olacaq?

– Bəli, standart qiymət olacaq.

– Limitin özü müzakirə olundumu?

– Yox.

– “Şərurspor” – “Göyəzən” (0:3) matçı danışılmış oyun idi? PFL bununla bağlı hansı tədbir görəcək?

– PFL-in onunla bağlı hər hansı bir qərar verməyə ixtiyarı yoxdur. AFFA-da şübhəli oyunlarla bağlı məşğul olan qurum var. Onlar bu oyunu nəzarətdə saxlayırlar.

– Amma araşdırmalar müsbət nəticələnmir…

– Gərək sübut edəsən.

– Nəyə görə bütün dünyada sübut olunur, bizdə yox?

– Harda sübut olunub?

– İtaliyada. “Yuventus” B Seriyasına göndərilmişdi…

– Bir-iki belə şey ola bilər. İtaliyada “Yuventus” oldu, vəssəlam! Türkiyədə “Fənərbaxça”nın oyun alıb-satdığı sübut olundu. Amma birinci diviziona göndərilmədi.

– Avrokuboklardan kənarlaşdırdılar…

– Birinci diviziona göndərməli idilər, amma etmədilər. Elə bilməyin ki, bu təkcə Azərbaycandadır. Gəlin, belə deyək, əlimizdə lazımı qədər imkan yoxdur. Deyilən anları tam sübut etmək üçün materiallar yoxdur. Olsa, heç kimi gözləməyib cəza verərəm.

– Xaqani Məmmədovun qamaqallı videosunda sübut var idi…

– Sualıma cavab ver: Xaqani Məmmədov nə edib? Onun vəkili deyiləm. 2001-ci ildə kiməsə 1 şillə vurub. Tutub onu içəri salaq? Neyniyib, Xaqani Məmmədov? Əcəb edib. Elə danışırsız ki, Xaqani Məmmədov sanki xalq düşmənidir. Niyə ona başqa nöqteyi-nəzərdən baxırsız? Məsələn, Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri olandan sonra hakimlərimizin səviyyəsi qalxıb. Baxın, Ömər Paşayev, Rəvan Həmzazadə, Əliyar Ağayev, Rəhim Həsənov kimi hakimlər yetişib. Əvvəl bunlar 15 ilə yetişirdi, indi 3 ilə. Rüşvətin yığışdırlmasına baxın. Belə şeylərə diqqət edin. Bunların səbəbkarı Xaqanidir. Əmimoğlu, xalamoğlu, yerlim deyil. İnsan düzgün danışmalıdır, vicdanla danışmalıdır. Kimlərəsə xoş gəlsin deyə danışmaq düzgün deyil. Mən əsgərlikdə olanda bir litvalını döyüb şikəst eləmişdim. İndi məni tutmalıdırlar? Həmin söhbətdir. 2001-ci ildə nəsə olub deyə o, cəzalanmalıdır? Bu, Xaqaniyə ləkə yaxmaq üçün addımdır. Onu ortaya çıxaran insanlar niyə 15 ildə bunu etmədi? Əliyar Ağayev Avroliqanın qrupunda oyun idarə etdi deyə, ortaya çıxardılar. Budur bizim paxıllığımız.

– Bizim ona paxıllıq etmək üçün səbəbimiz yoxdur…

– Sizin yox, bəzi insanların.

– Mövsümün ikinci yarısında hakimlərin idarəçiliyi sizi qane edir?

– Hakimliyin qane etməsi sualı düzgün deyil. Vacib odur ki, qərəz olmasın.

– “Zirə” – “Neftçi” (3:0) oyununda Fariz Yusifovun Cavid İmamverdiyevə qırmızı vərəqə verməsi qonaqların konkret narazılığına səbəb oldu və məğlubiyyəti bununla əlaqələndirdilər…

– Eşitməmişəm. “Neftçi” rəhbərliyi ilə bu gün yanbayan oturmuşduq. Bu barədə heç nə demədilər. Heç etiraz etməyiblər.

– Oyundan sonra futbolçular, məşqçilər narazılıq edirdi. Hətta, “Neftçi”nin məşqçisi Səttar Əliyev bu barədə protokola da yazıb…

– Həmin epizodda hakimin səhvi olub. Amma məğlubiyyəti sırf buna bağlamaq olmaz. Hakim günahından komanda 1:0 uduzar, 3:0 yox.

– İclasda başqa məsələ müzakirə olundu?

– Gənc oyunçuların transferi ilə bağlı da məsələ müzakirə olundu. Başqa heç bir şey olmadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43