Kateqoriyasız

Reynaldodan Bonillaya kimi…

Premyer Liqanın 29-cu turu mövsümün ilk het-triki ilə əlamətdar olub.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Rəvan” – “Zirə” oyununda meydan sahiblərini 3 dəfə məyus edən Nelson Bonilla ilkin müəllifi olub.

Ölkə çempionatları tarixinə het-trik edən həm ilk salvadorlu, həm də ilk “Zirə” təmsilçisi kimi düşən hücumçu Premyer Liqadakı het-triksiz dövrə son qoyub. Belə ki, ötən çempionatda da 3 qol vuran olmayıb. Düzdür, nəticələri ləğv olunan “Araz-Naxçıvan”la görüşlərdə bir dəfə belə uğura imza atan olub. Lakin nəticəsi tarixə düşməyən qarşılaşmanı saymasaq, sonuncu het-trik 2013/14 mövsümündə, 2014-cü il mayın 7-də qeydə alınıb. 704 gün əvvəl “Qarabağ”ın “İnter” üzərindəki 4:1 hesablı qələbəsində Reynaldo 3 qolla pay sahibi olub.

Bonillanın het-triki 1992-ci ildən keçirilən ölkə çempionatlarında bir futbolçunun bir görüşdə 3 qol vurduğu 175-ci belə hadisədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43