Kateqoriyasız

“Simurq” “Şaxtyor”a şans vermədi

Antalyada qış təlim-məşq toplanışında olan “Simurq”, bu gün ilk yoxlama oyununu keçirib. Səhər saatlarında hava şəraiti ilə əlaqədar görüşün təxirə salındığı bildirilsə də, sonradan hər iki komandanın qarşılıqlı razılığı əsasında görüş baş tutub.

İdmanxeber.com-un məlumatına görə, Bakı vaxtı ilə saat 18:00-da start götürən matçda Zaqatala təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib. “Simurq”dan qolları 25-ci dəqiqədə yeni transfer Elnur Abdullayev, 27-ci dəqiqədə Marko Stanoyeviç və 37-ci dəqiqədə Draqan Çeran vurub. Rəqib isə görüşün bitməsinə 5 dəqiqə qalmış təsəlli qolu vurmağı bacarıb.

Beləliklə, yanvarın 6-da qardaş ölkədə təlim-məşq toplanışına start verən “Simurq”, artıq hazırlıq proqramının ikinci hissəsinə başlayıb. Komanda sabah səhər bir məşqlə çalışmaları davam etdirəcək. Bundan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verəcək. Zaqatala təmsilçisinin növbəti yoxlama oyunundakı rəqibi isə Almaniyanın “Dyusburq” klubu olacaq. Görüş yanvarın 15-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43