Ölkə futbolu

“Transfer elə şey deyil ki, gedib kimi olsun alıb gətirək”

“Qarabağ”ın sabiq futboçusu Əfran İsmayılovun idmanxeber.az saytına müsahibəsi

-“Qarabağ”a qələbə üçün nə çatmadı?

Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. “Rakuv” hədsiz sıx mübarizə aparıb, aqressiv çıxış edirdi. İlk hissədə elə də çox şansımız olmadı. Ancaq getdikcə toparlana bildik. Qolun ardından həmən cavab verməyimiz yaxşı idi. Dirəkdən dönən topumuz da oldu. Ümumi “Rakuv” qarşı elə də çox şanslarımız olmadı. Rəqibdə müdafiə xətti çox güclü idi. Açığı, qələbə üçün nəyin çatmadığını demək çətindi. Amma nəticə ədalətlidir.

-Belə çıxır ki, rəqibin qapanması mərhələni keçməməyə əsas səbəb oldu?

Bəli, sırf bu səbəbdən. Belə komandalara qarşı oynamaq həmişə çətin olur. Müdafiədə çox inamlı çıxış edən rəqibi məğlub etmək asan deyil. “Rakuv” olduqca yaxşı kollektivdir. 

-Demək olarmı ki, turun taleyi ilk oyunda həll olundu?

-Bəli, elə göründü. Ordakı buraxılan üçüncü qol hər şeyi həll elədi.

-“Qarabağ”ın bu səviyyə üçün heyəti yetərli idi?

Bunu baş məşqçi və rəhbərlik daha yaxşı bilər. Acaq müəyyən axsamalar var. Müdafiədə, yarımmüdafiədə və hücum xəttində çatışmazlıqlar görünür. Bunu məşqçilər heyəti də bilir. Ümid edək ki, aradan qaldırılacaq. Transfer elə şey deyil ki, gedib kimi olsun alıb gətirək. Çox çətindi bu prosses. “Qarabağ” bir futbolçunu heyətə cəlb edəndə hər tərəfli analiz edir. Oyunu, səviyyəsi, xarakteri hamısı nəzərdən keçirilir. Bir oyunçunu gətirmək elə də asan başa gəlmir. Bu səbəbdən də gecikmə ola bilər. 

-Səncə, “Qarabağ” eniş dövrünü yaşayır?

Xeyr, belə deməzdim. Qurban Qurbanovun açıqlamasını oxudum. Orda deyir ki, gələcəyin komandasını qururuq. Ola bilsin ki, yeni bir planları var. Gələcək üçün daha yaxşı “Qarabağ” yaratmaq istəyirlər. Qurbanov çox belə vəziyyətlər görüb. Hamısından yaxşı çıxıb və əla nəticələr qazanıb. 

-Nəticənin ardından əsas hədəf Qurban Qurbanovdur. Səncə, tənqidlərdə haqlılıq payı var?

Hamını başa düşmək olar. Azarkeşləri, jurnalistləri. Hamı istəyir ki, “Qarabağ” mərhələ adlasın, növbəti tura yüksəlsin. Ancaq Qurbanov Azərbaycanda böyük tarixi yazmış tək məşqçidir. O, avrokuboklarda çox ciddi uğurlar qazanıb. Bunları unutmaq olmaz. Ola bilər ki, indi müəyyən çətinlik var. Əminəm ki, bu il olmasa da, növbəti mövsümlərdə uğur əldə ediləcək. Yenə də heç nə bitməyib. Hələ qarşıda oyunlar var. Azarkeşləri başa düşürəm. “Niyə belə oldu, elə olmadı” kimi fikrilər normaldır. Ancaq hər şey bundan ibarət deyil. Komandanın daxilində nəyin baş verdiyini biz bilmərik. Hər şey puldan ölçülməməlidir. Hazırda özüm də bu işin içindəyəm. Səviyyəli legioner gətirmək çox çətindir. Hər şeyə rəğmən, “Qarabağ”a inanmalıyıq. Mən komandanın Avropa Liqasında qruplara qalacağına inanıram.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43