Ölkə futbolu

“Turan Tovuz” iki legioneri ilə vidalaşır

“Turan Tovuz” növbəti mövsümün planlamasına başlayıb.

Premyer Liqada 6-cı sırada qərarlaşan bölgə klubu cari mövsüm heç də pis çıxış etmədi. Çempionatda qalmaq hədəfi ilə mövsümə başlayan Tovuz təmsilçisi bunun öhdəsindən artıqlaması ilə gəldi.

Bununla yanaşı, ölkə kubokunun yarımfinalına vəsiqə qazanan “Turan Tovuz” tərəfli-tərəfsiz futbolsevərlərin rəğbətini qazana bilib. Premyer Liqada ardıcıl 3 qələbə qazanan bölgə təmsilçisi artıq növbəti mövsüm barədə düşünməyə başlayıb. 

Hələ çempionatın bitiminə iki tur qalsa da, 38 xalla 6-cı pillədə qərarlaşan “Turan Tovuz”un turnir cədvəlindəki mövqeyində ciddi bir dəyişiklik ehtimal edilmir.

Növbəti mövsüm üçün isə rəhbərliyin əsas hədəflərindən biri komandanın aparıcı oyunçularını heyətdə saxlamaqdır. 

Baş məşqçi Ayxan Abbasov mətbuata açıqlamasında cari mövsüm çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacaran Natan Oduva və Runi Eva kimi oyunçuları komandada saxlamaq istədiklərini bildirib.

Ancaq bunlarla yanaşı, ümidləri doğrultmayan futbolçular da mövsüm sonu göndəriləcək. Uzunmüddətdir zədədən əziyyət çəkən Dao Ben Azizin növbəti mövsümdən komandada olmayacağı dəqiqdir

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Henri Okebuqvu da müqaviləsi uzadılmayacaq oyunçular arasındadı. Baş məşqçi Ayxan Abbasov nigeriyalı yarımmüdafiəçi barədə yekun qərarını verib.

Dao Ben Aziz və Henri Okebuqvu ilə yanaşı, daha bir neçə isimlə yolların ayrılacağı gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43