Kateqoriyasız

Xanım jurnalistlər “Qarabağ”a inanırlar (SORĞU)

Bu gün azərbaycanlı azarkeşlərin diqqəti Şotlandiyada olacaq. ÇL-in III təsnifat mərəhləsi çərçivəsində "Qarabağ" Qlazqoda "Seltik"in qonağı olacaq.

Bəs görəsən, idman mediasının xanım nümayəndələri bu axşamkı oyunla bağlı nə düşünürlər?

İdmanxeber.com olaraq xanım jurnalistlərin "Seltik" – "Qarabağ" matçı haqda fikirlərini öyrəndik:

Günel Əbilova (Qafqazinfo.az):  "İnanmaq istəyirəm ki, “Qarabağ” bu gün rəqib meydanından sərfəli nəticə ilə qayıdacaq. Belə olsa komandamız avqustun 5-də keçiriləcək cavab oyununda daha rahat üstünlüklə mübarizə aparar. Düzü, “Qarabağ”ın rəqibi ilə bağlı elə çox məlumatım yoxdur, amma ümid edirəm ki, “Qarabağ” bu səddi aşaraq, Çempionlar Liqasının pley-offuna vəsiqə qazanmaqla yeni tarix yazacaq. Hesaba gəlincə 0-0 deyirəm".

 

Günay Yelmarqızı (Lider TV): “Qarabağ” bu gün o qədər də zəif olmayan rəqiblə qarşılaşacaq. Və “Qarabağ” özü də zəif rəqib deyil. Ona görə düşünürəm ki, maraqlı və həyəcan dolu bir qarşılaşma olacaq. Mən hər zaman olduğu kimi sevimli komandama inanıram. Qarşılaşmadan məhz “Qarabağ”ın qalib ayrılacağına inaniram ancaq udsa da, uduzsa da “Qarabağ” mənim üçün qalibdi. Mən  hesabın  0-1  və ya 0:0  olacağını  düşünürəm. Təmsilçilərimizə uğurlar!"

 

Arzu İsmayıl (İdmanxeber.com): “Seltik” güclü komandadı. Təbii ki, “Qarabağ”da zəif deyil ancaq “Rudar”la oyunda bir çox fürsətləri əldən verən təmsilçimiz inanmıram ki, “Seltik” üzərində qələbə qazanacaq. Fikrimcə, oyun 1-0 “Seltik”in qələbəsi ilə bitəcək. Müdafiə xəttimiz daha diqqətli olarsa, Şehiç də səhvlərə yol verməzsə 0-0  hesabı da qeydə alına bilər. Yenə də ümidimi itirmirəm və  “Qarabağ”a uğurlar arzulayıram".

 

Röya Kərimli (Sportnet.az): "Çətin oyun olacağı məlumdur. Futbolda hər şey ola biler. Yəni “Qarabağ” mərhələni keçə bilər. Lakin ilk oyunda “Qarabağ”ın qalib gələcəyini düşünmürəm".

 

Kəmalə İsmayılova (Müstəqil jurnalist): "Bu oyunda “Seltik”i favorit saymıram, komanda əvvəlki əzəmətini itirib, sadəcə adı qalıb. Oyunun bərabər mübarizədə keçəcəyini düşünürəm. Hətta hesabın da 1-1 bərabərə bitəcəyini proqnozlaşdırıram. Sadəcə “Qarabağ” komandanın adından qorxmayıb, mübarizə aparmalıdır".

 

Kəmalə Məmmədova (ANSPRESS): "Deyirlər “Seltik” güclüdür. Amma bilmək olmaz. Ümid edirəm ki, qələbə qazanmasaq belə məğlub olmarıq. Amma səhv etmirəmsə, sonra onlar bura cavab oyununa gələcəklər. Məncə biz orda heç-heçə edəcəyik. Burda isə 1-0 udacağıq".

 

Səmra Əliyeva (Antenn 101 FM): “Zaltsburq” da “Qarabağ”ın rəqibi olanda çoxunda pessimist fikirlər var idi. Amma istək, mübarizə öz sözünü dedi. “Seltik” də “Zaltsburq” deyil və Şotlandiya futbolunun potensialı hamıya bəllidir. Azərbaycan klubları da hələ ki, "ətəkli" ölkənin komandaları ilə qarşılaşmayıblar. Yəni bir az yaddırlar bizə… Bundan əlavə, nə “Qarabağ”, nə də digər Azərbaycan klubuları indiyədək Çempionlar Liqasının pley-offuna yüksəlməyib. “Qarabağ”ın heyətində müəyyən dəyişikliklər təsnifat mərhələlərindəki matçlarda oyun baxımından öz sözünü deyir. Oyunçular dəyişsə də, komandanın oyun fəlsəfəsi dəyişməyib. Məsələn, “Rudar” Bakıdakı oyunda klubumuzun hansı oyunçusunun hansı istiqamətdə zərbə endirməsinədək hesablamışdı. “Seltik”lə matçda zərbələr, ötürmələr, standart vəziyyətlər düzgün hesablanmalı və komanda sonadək mübarizə aparmalıdır. “Seltik” elə bir klubdur ki, hansı ki, meydanda təyin olunmuş son saniyəyədək mübarizə aparır. Oyun boyu ayıq-sayıq olmaq gərəkdir. Təəssüf ki, bu gün “Qarabağ”ın qalibiyyətini görmürəm. Düşünürəm, matç “Y/Q”la başa çatacaq. Amma ümid sonda ölür…"

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43