Kateqoriyasız

“Xaqani Məmmədov hesabat versin ki, 1 milyon 800 min hara xərclənib”

“Bu gün seçilən bütün namizədlər bu vəzifəyə layiqdirlər. Mən onların hər birinə uğurlar arzulayam”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov AFFA-nın bu gün keçirilən növbəti Hesabat-Seçki Konfransından sonra deyib.

O, Azərbaycan kubokunun 1/4 finalında  “Neftçi”yə qarşı keçirilən oyunda hakim idarəçiliyindən narazılığını bildirib: “Neftçi” oyundankənar vəziyyətdən qol vurur və Hakimlər Komitəsinin sədri deyir ki, hakim matçın nəticəsinə təsir edəcək səhv etməyib. Xaqani Məmmədovun peşəkar və ya qeyri-peşəkar olduğunu deyə bilmərəm, amma belə səhvlər etmək olmaz. Komandamızın əksər futbolçuları gəncdir. Onlar gələcəkdə milli komandada da çıxış edə bilərlər. Hakim meydanda futbolçuya qeyri-etik ifadə işlədir. Amma mən bunu dilimə gətirməmişəm. Müsahibə verəndə də demişəm ki, hakim artistlik edib. Amma bunu götürüb yazıblar ki, guya mən demişəm ki, hakim meydanda meymunluq edib”.

T.Nadirov ümumilikdə Hakimlər Komitəsini kəskin tənqid edib: “Hakimlər Komitəsinin sədri işçilərinə məsuliyyət aşılamalıdır. Bu gün qeyd olundu ki, Hakimlər Komitəsinə və hakimlərə 1 milyon 800 min pul xərclənib. Xaqani Məmmədov çıxsın hesabat versin ki, bu pullar hara xərclənib?

Rövnəq Abdullayevin rəhbərlik etdiyi təşkilat onlara bu qədər etimad göstərir, dəstək olur. Onlar gərək elə bir nümunəvi təşkilat olsun ki, heç kim irad tuta bilməsin. PFL yaxşı səviyyədə çempionat təşkil edir, amma Hakimlər Komitəsi bu təşkilatçılığı, AFFA rəhbərinin fəaliyyətini sıfıra endirir. Tək biz yox, bütün klublar HK-dən narazıdır. Oyundan qabaq elə “Neftçi”nin özü də hakimlərdən narazılıq edirdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43