Kateqoriyasız

Rövnəq Abdullayev: “Bu, bizim üçün bir dərs olacaq” (MÜSAHİBƏ)

Yenidən AFFA prezidenti seçilən Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

– Əvvəla, media mənsublarını Media Komitəsinin yaranması münasibətiylə təbrik edirəm. Mətbuat Komitəsinə qrantlar ayrılacaq. Çox qərar qəbul olundu. Bu barədə AFFA-nın saytında məlumat yerləşdiriləcək. Vitse-prezidentlər əvvəlki kimi, Rauf Əliyev və Elşad Nəsirov qaldı. Baş katib isə əvvəlki kimi, Elxan Məmmədov qalacaq. Onunla müqailə müddəti uzadıldı.

– Bayaq qeyd olundu ki, bölgələrdə futbola maraq çoxdu. Növbəti mövsümdən Premyer Liqada yeni bölgə klubları çıxış edəcək?

– Təkcə bu mövsüm yox, bölgə futoluna əvvəllər də yardım etmişik. Daim turnirlər keçiririk. Məhz bunun nəticəsidi ki, yeni futbolçular yetişir. Premyer Liqada bölgə klubların çıxış etməsinə gəldikdə isə, böyük şirkətlərin çoxu Bakıda yerləşdiyindən, bölgələrə maraq göstərmirlər. Ancaq hazırda bölgələrdə də böyük şirkətlər fəaliyyət göstərir. Yəqin ki, növbəti mövsümlərdən bölgə klublarının sayı artacaq.

– İcraiyyə Komitəsinin yeni üzvləri mətbuatla sıx əlaqədə deyillər. Bunu necə aradan qaldırmaq olar?

– Hamı mətbuata açıq olmalıdı. Hamının əvəzindən danışa bilmərəm. İcraiyyə Komitəsinin yeni üzvləri futbolda aktiv iştirak edən adamlardı. Elmar Məmmədyarova təşəkkür edirəm. O, böyük futbol azarkeşidi. Həmişə mənə məsləhət verirdi. Mən də sonda dedim ki, gəl İcraiyyə Komitəsinə, özün fikirlərini de. Çox sağ olsun ki, o buna razı oldu. Qurban Qurbanov da futbolda əməyi olan insandı. O ki qaldı sualı necə verməyə, bu, sizdən asılı məsələdi. Yəqin Elmar müəllimə ancaq futboldan sual verərsiz (gülür).

– Elmar Məmmədyarovun İK-in üzvü seçilməsi futbola nə kimi xeyir verə bilər?

– Bayaq da dedim, bu, Elmar bəyin özünün seçimi idi. Bunun ölkə futboluna böyük köməyi dəyəcək. Azərbaycanın bütün böyük şəxsləri futbolla yaxından maraqlanaacaqlar.

– Elmar Məmmədyarovun gəlməsi ilə demək olar ki, Azərbaycan futbolu bir az da siyasiləşdi?

– Futbol siyasətdən kənardı. Kənar olmasaydı, Elmar Məmmədyarov İcraiyyə Komitəsinə üzv olmazdı.

– Prezidentliyə namizəd təkcə siz olduz. Siz kimi özünüzə rəqib görürdüz?

– Rəqabətdən heç vaxt qorxmamışam. Kimsə namizədliyini verməyibsə, deməli, bu zülmü öz boynuna götürmək istəməyib (gülür).

– Ötən mövsümlə müqayisədə çempionatın səviyyəsi düşüb, rəqabət azalıb. Bununla razısız?

– Bir az hiss olunur. Klublarda sponsor problemləri var. Avropanın bütün ölkələrində klublar arasında səviyyə fərqi olur. Hər ölkədə 2, 3 uzağı 4 klub yüksək səviyyədədi. Digər klublar isə aşağı maliyyə ilə fəaliyyət göstərir. Bu hər yanda belədi. Məncə, çempinatın səviyyəsi düşməyib. Premyer Liqada əsas problem azarkeşlərlə bağlıdı. Media da azarkeşlərin stadionlara cəlb edilməsi üçün təbliğat aparmalıdı. Hamı televiziyada baxır, amma stadionlara gəlmir. “Kəpəz”in oyunlarına baxırsız da. Keçən dəfə 23 min azarkeş gəlmişdi. Baxmayaraq ki, stadion normal vəziyyətdə deyil. Bu komandanın elə də güclü legionerləri yoxdu. Ancaq güclü komandalarla yaxşı mübarizə aparır. Deməli, azarkeş dəstəyi əsas amildi.

– Elmar Məmmədyarovun namizədliyi Ümumazərbaycan futbolsevərlərinin İctimai Birliyi tərəfindən verildi. Belə qurumun mövcud olması barədə bir çoxu eşitməyib…

– Bu birlik 2004-cü ildən var. Ola bilər, sən eşitməmisən. Rəhbəri Elşad Nəsirov yarandığı dövrdən birliyin rəhbəridi. Elmar Məmmədyarov isə 2010-cu ildən bu təşkilatın üzvüdü.

– Əvvəllər “Neftçi”nin prezidenti olmusuz. Hazırda bu komanda 7-ci pillədədi…

– Klubların daxili işi barədə danıçmaq istəmirəm. Ancaq bütün klublarımıza bir məsləhət verərdim: tez-tez məşqçi dəyişməsinlər. Məncə, “Neftçi”nin əsas problemi tez-tez məşqçi dəyişməkdi. Samir Əliyev klubda baş məşqçi idi. Sonadək ona inanmalıydılar. Mən prezident olanda Qurban Qurbanova sonadək güvəndim. Baxmayaraq ki, mətbuatdan da təzyiqlər var idi.

– Qarşıdan U-17 Avropa çempionatı gəlir. Bu çempionatdan nə gözləyirsiz?

– Bu, bizim üçün bir dərs olacaq. Aprelin 8-də püşkatma olacaq. Biz bir qədər gecikmişik. Bundan sonra bütün futbol tədbirləri Olimpiya stadionunda olacaq. Komandamız güclüdü. Ancaq çıxışımız rəqiblərimzidən də asılı olacaq. Millimizin hansı nəticəni göstərəcəyini deyə bilmərəm. Çalışırıq ki, yaxşı komanda yaradaq.

– Bayaq klubların problemlərindən danışdız. Problemli klublardan biri də “Bakı”dı. Bir müddət öncə bu klubdan sizə yardımla bağlı müraciət edilmişdi…

– Bu kluba nə kömək lazımdısa, baxacağıq. Biz əsasən, region klublarına kömək edirik. “Bakı”yla bağlı məsələni araşdıracağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43