Layihə

Zirvə yarışında amansız mübarizə (LAYİHƏ)

Premyer Liqamızda XXI tur da beləcə geridə qaldı. Keçirilən 4 görüşdə qapılara 11 qol vuruldu. Keçirilən görüşlərin birində heç-heçə qeydə alındısa, digər 3 oyunda qonaqlar 3 xalı aktivinə yazan tərəf oldu.

Turu ümumilikdə 11.700 tamaşçı izlədi. Statistikaya nəzər saldıqda, gəncəli azarkeşlər yenə də liderdi. Turun ən zəif göstərici isə “Neftçi” – “Zirə” matçında qeydə alınıb.

“Qarabağ”ın hirsi…

Qış fasiləsindən sonra istədiyi futbolu ortaya qoya bilməyən “Qarabağ” bir neçə oyunda bunun acısını xal itirməklə çəkdi. Ancaq lider “Qəbələ” ilə aradakı xal fərqinin böyüməməsi üçün “Qarabağ”ın bu tur “Sumqayıt” səfərində mütləq qələbə qazanması vacib idi. Qurban Qurbanov da bu oyunda itiriləcək xal itkisinin komandanı sonda çempionluqdan da edəcəyini yaxşı anlayırdı. Məhz buna görə də Ağdam klubu avrokubokları hədəfləyən “Sumqayıt”la səfər matçına aqressiv formada başladı.

Samir Abbasovun başçılıq etdiyi komanda “köhlən atlar”ın təzyiqinə cəmi 22 dəqiqə tab gətirə bildi. Markos Madera 23-cü dəqiqədə “gənclik şəhəri” təmsilçisinin qapısına yol tapdı. Bundan sonra hücumlara ara verməyən “Qarabağ” ilk hissəyə əlavə olunmuş dəqiqədə penalti vurmaq şansı əldə etdi. Görüşün baş hakimi Ramil Diniyev şübhəli penalti qərarı ilə “Sumqayıt” camiəsinin xal qazanmaq şansını heçə endirdi. Topa yaxınlaşan Riçard Almeyda zərbəni dəqiq yerinə yetirdi və hesab arasındakı fərqi ikiyə çatdırdı.

İkinci hissədə “Sumqayıt” aktivlik göstərsə də, Ağdam klubu daha iki qol vurmaqla 3 xalı darmadağınla əldə etdi.

Onu da qeyd edək ki, turun ən çox qol qeydə alındığı bu matçı “Kapital Bank Arena”dan 2500 tamaşaçı izlədi.

Mərkəzi görüşdə lider sevindi

Turun mərkəzi görüşü “İnter” və “Qəbələ” komandaları arasında keçirildi. XX turda səfərdə “Qarabağ”ı məğlub etməklə çempionluq iddiasını bir daha ortaya qoyan “İnter”in lider “Qəbələ”dən də ən azı xal alacağı gözlənilirdi. Lakin oyun və nəticə gözlənilənlərin tam əksinə oldu. “Qarabağ”la oyuna komandasını yaxşı hazırlayan Svanadze, “İnter”i “Qəbələ” ilə görüşə ya tam hazır edə bilməmişdi, ya da komandadakı rahatçılıq sonucda nəticəyə təsir etdi.

Oyunun ilk dəqiqələrindən hücum edən tərəf “Qəbələ” olsa da, daha təhlükəli vəziyyətləri “İnter” yaradırdı. Lakin ilk hissənin sonlarına yaxın “Qəbələ” cərimə zərbəsindən hesabı açmağa yaxın olsa da, Ozobiç bu imkandan yararlana bilmədi. Beləliklə, tərəflər fasiləyə qolsuz heç-heçə ilə yollandı.

Fariz Yusifovun idarə etdiyi oyunun ikinci yarısı isə tam başqa məcrada davam etdi. 2500 tamaşaçının izlədiyi matçın ikinci hissəsində meydan sahibləri bir neçə qol imkanını sağa-sola xərcləyincə “Qəbələ” ikinci hissədə  ələ düşən ilk imkandaca hesabı açmağa müvəffəq oldu. Prosineçkinin milliyə dəvət etdiyi Tellur Mütəllimov Səlahət Ağayevin kobud səhvini bağışlamayaraq hesabı açdı. “İnter”in hesabı bərabərləşdirmək cəhdləri bir fayda verməyincə “Qəbələ” əks hücumların birində Subotiçlə hesab arasındakı fərqi ikiyə çatdırdı – 2:0.

Bu matçı “Qəbələ”nin 700-dən çox azarkeşi izləyirdi. Gəlmələr tribunada maraqlı pankartlar açaraq, mesaj göndərməyi də unutmadılar.

Turun yeganə “sülh”ü

XXI turun yeganə heç-heçəsi Gəncədə qeydə alındı. Avrokubokları hədəfləyən “Kəpəz” autsayder AZAL-ı qonaq etdi.  Qış fasiləsindən sonra qələbə üzünə həsrət qalan “Kəpəz” bu sindromu AZAL-la oyunda qırmağa çox yaxın idi. Lakin matç boyu rəqibindən üstün oyun sərgiləyən “təyyarəçilər” Gəncə klubunun bu istəyini ürəyində qoydu.

Görüşün 38-ci dəqiqəsində Şəhriyar Əliyevlə hesabı açan “Kəpəz” AZAL-ın təzyiqi qarşısında tab gətirə bilməyərək müdafiəyə “oturdu”. Və bu, qonaqların daha da irəli atılmasına, rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmasına səbəb oldu. Qonaqlar bir neçə epizodda hesabı bərabərləşdirməyə yaxın olsa da, gah qeyri-dəqiqlik, gah da Davud Kəriminin səhvsiz oyunu ikinci qolun vurulmamasına səbəb olurdu. Lakin Tərlan Əhmədovun əvəzlənməsi komandasının məğlubiyyətdən qaça bilməsinə səbəb oldu.

İkinci hissədə meydana daxil olan Vaqif Cavadov çox keçmədən başla fərqlənərək AZAL-I məğlubiyyətdən qurtardı. 90-cı dəqiqədə gələn bu qol Şahin Diniyevin komandası üçün “soyuq duş” kimi idi. Beləliklə, 6200 tamaşaçının izlədiyi qarşılaşmada qalib müəyyənləşmədi – 1:1.

Dramatik matçı qonaqlar qazandı

Turun son matçı “Bakcell Arena”da oynanıldı.  Əlini kubokdan üzmüş “Zirə”də gözlər ən azı 4-cü yerə dikilib. Buna görə də “qartallar” bütün oyunlara son oyun gözü ilə baxaraq çıxırlar.

“Neftçi”də isə durum başqadı. “Ağ-qaralar” həm də kubokda mübarizəni davam etdirir. Yenilənmiş heyəti ilə daha da güclənən “Neftçi”nin “Zirə”ni məğlub edəcəyi gözlənilsə də, meydanda tam başqa şeylər baş verdi.

Öncəliklə oynu deyək ki, oyunun ilk hissəsi hərəkətli keçsə də, qapılara qol vurulmadı. Oyunun ikinci yarısı isə tam başqa bir məcrada keçdi. Öncə “Neftçi” Rəhman Hacıyevə qarşı edilmiş kobudluğa görə qazandığı penaltini dəqiq yerinə yetirməklə hesabı açdı. Seqoviya yenə səhnəyə çıxdı.

Daha sonra qonaqlar Təmkin Xəlilzadənin möhtəşəm reydi ilə hesaba bərabərlik gətirdi. “Flqaman”ın 4-5 oyunçusunu keçən Xəlilzadə topu qapı qarşısında ötürməklə Georgi Novalovskinin avtoqol vurmasına səbəb oldu. Bununla da kifayətlənməyən Ayxan Abbasovun kollektivi Milan Duriçlə hesabı öz xeyrinə dəyişdi. Onu da qeyd edək ki, ikinci qolda “Neftçi”nin qapıçısı Vaylonun da kobud səhvi var idi.

Buraxılan ikinci qoldan sonra “ağ-qaralar”ın hesabı bərabərləşdirmək cəhdləri uğursuz qalınca “Neftçi” hesabı açdığı oyundan məğlub ayrıldı – 1:2.

Sonda onu da qeyd edək ki, bu görüşü “Bakcell Arena”dan cəmi 500 tamaşaçı izlədi ki, bu da turun ən zəif göstəricisi oldu.

*Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43