21 Dekabr 2024
Müsahibə

“Oyun başa çatanda, qrupa düşdüyümüzə inana bilmirdik” (MÜSAHİBƏ)

“Qəbələ”nin yay fasiləsində transfer etdiyi oyunçular arasında bir vaxtlar bu komandanın şərəfini qorumuş futbolçular da var.

İdmanxeber.com-un məlumatına görə, 2009/10 mövsümündə “Qəbələ”də çıxış etmiş Arif Daşdəmirov da onlardan biridir. Həmin mövsümdən sonra “İnter”ə keçən və 5 il paytaxt komandasının uğurları üçün çalışan 28 yaşlı müdafiəçi “qırmızı-qaralar”ın Avropa Liqasında uğurlu çıxışında əsas pay sahiblərindən biridir. Daşdəmirov “Qəbələ İK”ya müsahibəsində komandasının Avropa Liqasında çıxışı ilə bağlı təəssüratlarını bölüşüb, çempionatda və millidəki oyununa toxunub.
 
– Avropa Liqasında cari mövsümə Tiflisdə “Dinamo”ya məğlubiyyətlə başlasanız da, nəinki həmin komandanı, ümumilikdə, 4 rəqibi yarışdan kənarlaşdırdınız…
– Mübarizəyə başladığımız zaman heyət tam formalaşmamışdı. Komandaya xeyli yeni futbolçu gəldiyindən meydanda anlaşma istənilən səviyyədə deyildi. Bunun aradan qalxması üçün vaxt lazım idi. İlk mərhələni keçəndən sonra tədricən hər şey qaydasına düşdü. Komandada özünəinam artdı və bu, qələbələrin sıralanmasına yol açdı. Artıq düşünürdük ki, 3 mərhələ keçmişiksə, pley-offda da qalib ola bilərik. Çox istəyirdik qrupa düşək. Doğrudur, rəqib “Panatinaikos” çox güclü komanda idi. Ancaq ilk oyunda, evdə qolsuz heç-heçə etdik. Gördük ki, bu komandayla başabaş oynamaq, hətta üstün də gəlmək olar. Nə qədər çətin olsa da, bunu bacardıq. Əlimizə düşən şansı yaxşı dəyərləndirdik. Oyun başa çatanda, qrupa düşdüyümüzə inana bilmirdik. Bir neçə gün keçəndən sonra başa düşdüm ki, bu, xəyal yox, gerçəkdir.
 
– Təsnifat oyunlarında hansı mərhələnin matçlarını xüsusi fərqləndirərdin?
– Pley-offu. Göstərdiyimiz əzmkarlıq uğur qazanmağımızda həlledici oldu. “Panatinaikos” kimi adlı-sanlı rəqibi keçmək heç də asan məsələ deyildi. Göründüyü kimi, hər bir güclü komandayla oynamaq olar. Sadəcə, öz gücünə inanmalısan. Hər futbolçu özünə inanmalıdır ki, bu da komandaya müsbət təsir göstərsin. Meydanda yüz faiz gücünü qoyanda, nəticə olacaq. Təsnifat mərhələsində böyük təcrübə topladıq. Fikrimcə, qrup mərhələsində də yaxşı çıxış edəcəyik.
 
– Bunun üçün, ilk növbədə, nə lazımdır?
– Daha çox çalışmaq. Futbolçularımız ilk oyunlarla müqayisədə meydanda daha yaxşı anlaşır. Qrup mərhələsində bütün komandalar güclü olur. Qrupda çıxış etməyə layiq olduğumuzu hər oyunda sübut edəcəyik. Göstərəcəyik ki, komandamız qrupda təsadüfən yer almayıb, həqiqətən də, bu mərhələdə oynamağa haqqımız var.
 
– “İnter”də çıxış etdiyin 5 ildə avrokuboklarda çox oyun keçirsən də, iki mərhələ belə keçə bilməmişdin.
– Bəli, Avropa Liqasında ilk mərhələni keçsək də, heç cür 2 mərhələ adlaya bilmirdik. Hətta 2 dəfə oyunsonrası penaltilərdə uduzduq. Hesab edirəm ki, o zaman bəxtimiz gətirməmişdi. Ancaq “Qəbələ”də hər şey alındı. Uğur bizim tərəfdə idi.
 
– “Qəbələ”yə qayıtmağına əsas səbəb nə oldu? Vaxtilə bu komandada oynamağın, yoxsa?
– “İnter”də də yaxşı vaxtlarım olub. Bir vaxtlar şərəfini qoruduğum “Qəbələ” indiki səviyyədə deyildi. O zaman düşündüm ki, daha iddialı komandaya keçim və “İnter”in təklifini qəbul etdim. Əgər daha güclü komandaya keçmək şansın varsa, niyə istifadə etməyəsən? Ancaq indi vəziyyət fərqlidir. “İnter”də maddi böhran başladı və bu, komandaya mənfi təsir göstərdi. Mənə yaxşı komandada oynamaq lazım idi ki, həm də milliyə cəlb olunum. Bunun üçün “Qarabağ”, “Qəbələ” kimi güclü klublara keçməliydim. Qriqorçukdan təklif gəldi. Məni sərəncamında görmək istədi. Mən də dəvəti qəbul etdim.
 
– İndiki “Qəbələ”ni o vaxtkı komandayla müqayisə edə bilərsən?
– Əlbəttə, böyük fərq var. Həmin vaxt da pis çıxış etmirdik. Döyüşkən, ambisiyalı komandamız vardı. Güclü rəqiblər üzərində çox qələbələrimiz olmuşdu. Ancaq istənilən halda, nəticə qazanmaq üçün nəsə çatmırdı. Hazırda “Qəbələ” adı elə yüksəlib ki, bu, adamda fərəh hissi oyadır.
 
– Ukraynalı baş məşqçi Roman Qriqorçukla işləmək necədir?
– Mənə Azərbaycanda əvvəl də ukraynalı mütəxəssislə – İqor Nakoneçnı ilə “MKT-Araz”da işləmək nəsib olub. Nəticə onu göstərir ki, Qriqorçuk çox güclü, savadlı mütəxəssisdir. Onun futbola baxışı, oyun fəlsəfəsi yüksəkdir. Roman İosifoviçin avrokuboklarda təcrübəsi böyükdür. Onun komandası təsadüfən qrup mərhələsinə düşmür.
 
– Daxili yarışlardan fərqli olaraq, avrokuboklarda legioner limiti olmur. Avropa Liqasında meydanda olan azsaylı yerli futbolçular özlərini necə hiss edirlər?
– Biz yerlu futbolçularda daha çox məsuliyyət olur. Heç istəmirsən ki, komandanın, ölkənin adına xələl gəlsin. Şadam ki, baş məşqçi mənə etimad göstərir. O, legionerlərlə yanaşı, yerli futbolçulara da böyük inam bəsləyir. Biz də onun etimadını doğrultmağa çalışırıq.
 
– Sən cinah müdafiəçisisən. “Qəbələ”də bu mövqedə Rikardinyo, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov da çıxış edir. Yerlin Məhəmmədlə hələ “İnter”də də birgə oynamısan.
– Məhəmmədlə dostuq, təlim-məşq toplanışları zamanı da bir otaqda qalırıq. Təcrübəm ondan bir qədər çox olduğundan, məsləhətlərimi verirəm. Bir-birimizlə fikir mübadiləsi aparırıq. Kim oynadısa, bir-birimizi dəstəkləyirik. Digər müdafiəçimiz Voyislav Stankoviçlə də “İnter”də oynamışam. Bu üzdən müdafiədə mənə rahatdır. Ümumiyyətlə, “Qəbələ”də bir çox futbolçuları “İnter”də komanda yoldaşı olduğum vaxtdan yaxşı tanıyıram.
 
– İlk vaxtlar əsas heyətdən kənarda qalsan da, start “11-liy”inə sonradan düşə bildin.
– Futbolçu yeni komandaya gələndə adaptasiya dövrü keçir. Baş məşqçi yeni futbolçunu dərhal əsas heyətə salmırsa, burda təəccüblü heç nə yoxdur. Bu səbəbdən ilk vaxtlar start heyətindən kənarda qalırdım. Ancaq indi mənə ilk dəqiqələrdən şans verilir. Buna layiq olduğumu sübut etməyə çalışıram. Baş məşqşi də bunu görür. Komandada rəqabətin olması yaxşıdır. Rəqabət olmasa, arxayınlaşa, konsentrasiyanı itirə bilərsən. Hər mövqedə 2 futbolçu olmalıdır ki, bizdə də belədir.
 
– Müdafiənin hansı cinahında oynamaq sənə daha rahatdır?
– “İnter”də çox zaman solda oynamışam. Ramiz Məmmədov “Qəbələ”nin baş məşqçisi olanda isə sol cinah yarımmüdafiəçisi idim. O vaxt Azərbaycan yığmalarında həmin mövqedə oynayırdım və buna öyrəşmişdim. Yəni “İnter”ə gələnədək həmişə hücumameylli cinah yarımmüdafiəçisi olmuşam. Kaxaber Sxadadze isə məni müdafiəyə çəkdi, sol və sağda oynatmağa başladı. Ara-sıra hücumlara qoşulsam da, daha çox müdafiəyə bağlı idim. Hər iki mövqedə özümü rahat hiss edirəm. Bəli, mən sağ ayaq oyunçusuyam. Ancaq sol ayağım da işləyir. Hər məşqçinin mənə yanaşması fərqlidir. Qriqorçuk məni müdafiənin sağ, Sxadadzeylə millinin baş məşqçisi Robert Prosineçki isə sol cinahında görür.
 
– “Qəbələ”nin çempionluq şansını necə dəyərləndirirsən?
– Qarşımızda çempion olmaq vəsifəsi durur. Rəhbərlik bunun üçün komandaya böyük diqqət ayırır. Ancaq indidən nəticə barədə dəqiq söz demək çox çətindir. Son 2 mövsümün qalibi olan “Qarabağ” da güclü komandadır. Heyəti uzun müddətdir sabit olduğundan, onlarda anlaşma daha yaxşıdır. “Qarabağ” yaxşı, kompakt futbol oynayır. “Xəzər Lənkəran”, “Neftçi” də iddialıdır. Ümumiyyətlə, heç kimi hesabdan silmək olmaz. Yüksək liqaya qayıdan “Kəpəz”lə “Rəvan”ın, debütant “Zirə”nin oyunu göz qabağındadır.
 
– Artıq 10 ildir milli çempionatımızın iştirakçısı olsan da, 200-dən çox oyun keçirsən də, karyeranda çempionluq, kubok, yəni titul yoxdur.
– Mən “İnter”ə gələndə, komanda yeni çempion olmuşdu. Həmin komandaya çempion olmaq ümidiylə keçmişdim. Ancaq heç cür istəyimə çata bilmədim. Çempionatda 2-ci, 3-cü olduq, ancaq 1-ci yox. İnanıram ki, “Qəbələ”ylə bu arzuma çatacağam. Startın uğurlu olması məni ümidləndirir. Hər bir futbolçu kimi mən də qrup mərhələsinin iştirakçısı olmağı arzulayırdım. Bu arzuma məhz “Qəbələ”ylə çatdım, qaldı digəri – çempionluq. Hesab edirəm ki, buna yaxşı şansımız var. Komandamızın, özümün ilk dəfə çempion olması üçün əlimizdən gələni edəcək, bütün gücümü qoyacağam. “Qəbələ”də uğurlu çıxışımla millinin də daim diqqət mərkəzində olacağam.
 
– Necə hesab edirsən, Avropa Liqasında oynamaq çempionat mübarizəsində komandaya mənfi təsir göstərə bilər?
– Məlumdur ki, ilin sonunadək sıx qrafikdə oynayacağıq. Azərbaycan çempionatı, Avropa Liqası, ölkə kuboku. Üsətlik, milli üzvləri yığmalarında vacib matçlarda oynamalıdır. Bunu məşqçilər korpusu yaxşı bilir. Ümid edirəm ki, çətinliklərin öhdəsindən gələcəyik. Komandada çoxlu futbolçu var. Bir heyətlə oynamaq çətindir və bu səbəbdən digər futbolçuların da xidmətindən istifadə olunacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43