24 Noyabr 2024
Layihə

Millinin kapitanı kim olmalıdı? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan İdmanxeber.com saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 3-cü yazı

İnternet hər kəsə fikrini bildirmək üçün tribuna təqdim edib və bundan bəlkə də ən böyük zövq alanlar futbol azarkeşləridi. Meydanda baş verən ən xırda epizod, təsadüfi alınmış bir kadr – istənilən bir “qığılcım” böyük bir şərh, diskussiya, mübahisə dalğasına səbəb ola bilər. Ən çox müzakirə olunan mövzular isə ənənəyə uyğun olaraq futbolçular və məşqçilərdi.

Rəşad Sadıqovun millinin heyətində vida matçından sonra Robert Prosineçki “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevə kapitan sarğısını həvalə etdi. Bu məsələ də geniş müzakirələrə zəmin yaratdı. Ümumifikir ondan ibarət idi ki, Rahid bu sarğıya layiq deyil. Əksəriyyət bunu sadə şəkildə əsaslandırırdı – futbolçu uzun müddətdir ki, öz klubunun heyətində daimi və stabil çıxış etmir.

Rahidi bir futbolçu olaraq qiymətləndirmədən öncə iki əsas məqamı qeyd etmək vacibdir.

Birincisi, klubunda daimi çıxış etməyən futbolçu müxtəlif hallarda hətta millinin aparıcı futbolçusu ola bilər. Klub və milli müxtəlif futbolçulardan ibarət olmaqla fərqli oyun oynayır, fərqli məqsədlər üçün çıxış edir. Dünya futbolunun bu mövzuya dair ən bariz nümunəsi Lukas Podolskidi. Almaniya millisinin forvardı böyük futbolda əsas nailiyyətlərini məhz “bundestim”in heyətində əldə edib və geniş azarkeş kütləsi onu nə “Köln”, nə “Bavariya”, nə də “Arsenal”da vurduğu qollara görə tanıyıb. Gilyerme Oçoa, Covanni dos Santos, Niklas Bendtner, Elder Poştiqa – bütün bu adlar məhz ölkələrinin formasında daha parlaq oyun nümayiş etdirib. Bu oğlanlardan hər biri sübut edib ki, sırf klubda oyun təcrübəsinin azlığı oyunçunun milli şanslarının üzərindən xətt çəkməyə əsas verə bilməz.

Ikinci məsələ isə “vnimatelnıy” olmaqdadı. 31 mart 2015-ci il. Robert Prosineçki vitse-kapitan statusunu Mahir Şükürov və Ruslan Abışovdan almaqla Rahid Əmirquliyevə verir. Diqqətli azarkeş Rəşadın milli karyerasını bitirməsi xəbərini oxuduqda artıq bilməli idi ki, növbəti oyunda sarğı, böyük ehtimalla, Rahidin qolunda olacaq. Digər tərəfdən, gedəcəyini dəqiq bilən Prosineçki üçün seçmə mərhələnin son oyununda yeni kapitan təyin etməsi üçün də heç bir motivasiya mövcud deyildi. Eyni zamanda, Rəşad Sadıqov kimi futbolçunun vida oyununa gələn azarkeş sayını, tribunada Rəşada aid bir pankartın olmamasını nəzərə alsaq, yəqin ki, buna təəccüblənməli deyilik.

Təcrübəli yarımmdüafiəçini himni oxumamaq məsələsində qınayanları isə, ümumiyyətlə, anlamaq çətindi. Kapitanlar himni oxumağa borclu deyil. Bu, daxildən gələn bir məsələdi. Üstəlik, millinin bütün yaş qruplarından keçmiş, yerli bir futbolçuya “himni bilmir” demək ən azından ədalətsizlikdi. Futbolçunun “kim istəyir, gəlib himni onun üçün oxuyaram” açıqlaması isə bu məsələyə qoyula biləcək ən uyğun nöqtə idi.

Rahidin tam “qanuni” əsaslarla sarğını daşıdığını özümüz üçün müəyyən etdikdən sonra futbolçunun özünə nəzər yetirək. Rahid necə vitse-kapitan oldu? Xatırlayırsınızsa, Lənkəran klubunun kapitanı olduğu dövrdə Əmirquliyev Prosineçkinin ən sevimli futbolçulardan birinə çevrilmişdi. Ümumiyyətlə, nə qədər paradoksal səslənsə də, “Xəzər Lənkəran”ın autsayder olduğu dönəm karyera baxımından Rahid üçün düşərli oldu. Heyətin ümumi olaraq zəifləməsi futbolçunun çiyinlərinə böyük yük qoydu. Nəticədə yarımmüdafiəçi hər həftə meydana çıxaraq bütün döyüşkən cəhətlərini ortaya qoydu və bir neçə nəfərin görməli olduğu işi təkbaşına yetirdi. Ardıcıl məğlubiyyətlər, komanda yoldaşlarının zəif çıxışı futbolçunu həvəsdən salmadı və bunun nəticəsində autsayder komandanın üzvü millinin aparıcı simasına çevrildi. AÇ 2016 seçmə mərhələsində Rahidin baş məşqçinin simpatiyasını və güvənini doğrultduğunu demək olar.

“Qarabağ” dövrü isə bir qədər fərqli oldu. Bunun əsas səbəbi kimi oyun stilini qeyd etmək olar. Qurban Qurbanovun komandasına aşıladığı oyun tərzi topa nəzarət və sistematik futbol üzərində qurulub. Rahidin isə “Qarabağ”a keçidə qədər daha aqressiv tərzdə oynadığı futbolla seçilirdi. Hal-hazırda onun öz klubunda ehtiyatda oturması müsbət hal deyil. Əlbəttə, bu, oyuna da təsir göstərir. San-Marino ilə oyunda buraxılan müəyyən səhvlər də ciddi siqnal sayıla bilər.Digər tərəfdən, geriyə nəzər salsaq Rahidin müxtəlif baş məşqçilərin sxemində özünə yer tapdığını görürük. İstisna deyil ki, çalışqanlığın hesabına bu dəfə də o yeni stilə uyğunlaşacaq. Bu olmadığı halda isə, Rahidi heyətində görmək istəyən və onun həqiqətən fayda verəcəyi klublar həmişə var.

Rahid və kapitanlıq. 

Əslində, Rahidin “Xəzər Lənkəran”da kapitan olması təbii proses olmamışdı. “Xəzər Lənkəran” azarkeşləri (bax, onlar diqqətin nə olduğunu yaxşı bilir) xatırlayar ki, Kamran Ağayev “Bakı” ilə səfər oyunundan sonra (2:2) buraxdığı səhvlərdən sonra Mirça Rednik tərəfindən cəzalandı, nəticədə sarğı komandada ən uzun müddət çıxış edən Əmirquliyevə keçdi. Həmin dövrdə Rahidin buna hazır olmadığı aşkar sezilirdi. Onun liderlik cəhətləri isə məhz komandada gənclərin əksəriyyət təşkil etdiyi vaxtda aşkara çıxdı. Deyə bilərsiniz ki, yeniyetmə və gənclərin arasında lider olmaq onun üçün təbiidi. Amma etiraf edin ki, Rahidin yerində çox az yerli futbolçu ola bilərdi ki, elə bir şəraitdə hər şeyə rəğmən meydanda var gücü ilə vuruşsun.

Xaraktercə az danışmağa meyilli olması, meydanda komanda verməməsi Rahidin uzunmüddətli kapitanlıq perspektivlərinə kölgə sala bilər. Futbolçular var ki, onların xarizması onların meydanda və məşqlərdə durmadan işləməsindədir. Yeni kapitanın kim olacağından asılı olmayaraq, bəlli olan odur ki, Rahid bugünə kimi göstərdiyi futbolla qrup mərhələsinin son oyununda kapitan olmağa kifayət qədər layiq idi. Hal-hazırda ən vacib məsələ isə klub karyerasına təkan verməkdi. Formada olan Rahid milliyə çox lazımdı – sarğı ilə və ya sarğısız.

Ramil Cahangirov

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43