Topaz Premyer Liqasının III turunda “Qarabağ” “Neftçi”ni qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Matçdan sonra “Neftçi”ın futbolçusu Qoran Paratski jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda danışıb:
“Hər iki komanda üçün yaxşı oyun alındı. Bir sıra şanslarımız oldu. Təkcə mənim iki epizodum oldu. Bu epizodlardan istifadə etməli idik. Ümumiyyətlə, çox yaxşı oynadıq və qürur durmalıyıq”
– Demək olarmı, siz iki xal itirdiniz?
– Rəqibdən daha yaxşı oynadıq. Ən azı bir qol da vurmalı idik. Sizinlə razılaşıram.
– Epizodun birində fərqlənə bilmədin…
– Sadəcə ani epizoddu. Buna sakit yanaşmaq lazımdır. Bu gün alınmadı, növbəti oyunlarda belə epizodlardan istifadə edəcəm.
– “Neftçi”də keçmiş klubunuzdan fərqli olaraq hücumammeyli mövqedəsiniz. Bu sizdə narahatlıq yaratmır?
– Mənim üçün problem deyil. Rahat oynaya bilirəm. Əvvəlki komandada dayaq yarımmüdafiəçisi oynayırdım, çünki orada məndən başqa oyunçu yox idi. Amma daha çox hücumda oynamağı sevirəm.
– Bu komanda ilə çempion ola bilərsiniz?
– Əlbəttə, biz bu gün onu göstərdik. Heyətin önəmi yoxdu.” Qarabağ” güclü komandadı. Bizə qarşı olan heyət ikinci heyət deyil. Çünki onlar avrokuboklarda da oynayıb.
– Fasilə sizə necə təsir edəcək?
– Düşünmürəm ki, mənfi təsir etsin. Bəlkə də, xeyrimizə olacaq. Çatışmayan cəhətlərimizi daha da yaxşılaşdıracağıq. Növbəti matçlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq.