“Futbolçularımı, komandanı təbrik edirəm. Çətin səfər oyunu oldu. Bizim üçün nə qədər çətin olduğunu bilirsiz. Kubokdakı məğlubiyyətdən sonra uşaqların əhval-ruhiyyədən düşməməsinə çalışırdıq, həm də seriyanı davam etdirmək niyyətindəydik. Fiziki baxımdan mükəmməl formadayıq. Uşaqlar 120 dəqiqə rahat futbol oynadı, gəldik “Sumqayıt” səfərinə. Doğrudu, rəqibin futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldı. Amma onsuz da oyunda diqtə edən tərəf biz idik. Kubokdakı məğlubiyyətdən sonra yaranan təzyiqdən başıuca çıxmaq da böyük işdi. Cavan futbolçularımı təbrik edirəm. Ümumi ansambldan qopmadılar. Öz üzərilərində işləsinlər, inkişaf etsinlər. Biz də onlara dayaq olaq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 25-ci turunun “Sumqayıt”la matçından sonra keçirilən mətbuat konfransında deyib.
– “Zirə” “Qəbələ”yə uduzduqdan sonra xal fərqiniz 8-ə yüksəldi. Demək olar ki, “Neftçi” ikinci pilləni təmin edib?
– “Neftçi”dən gözləntilər böyükdü. Bu komanda ilə nələr edə bilərdik? Ən yaxşısını edə bilmişik. “Neftçi”nin tarixində bilmirəm, çox da keçmişə getmirəm, son vaxtlarda bu qədər cavan futbolçu oynadan olmamışdı. Onları da etdik. Məğlubiyyətsizlik seriyamızı davam etdirdik. Ab-havanı mükəmməl şəkildə qoruyub-saxlayırıq. Digər komandaların timsalında görürsüz də, bir oyun uduzanda, ya pis oyundan sonra nələr baş verir. Amma biz bunu qoruyub-saxlamışıq. Burada “Neftçi” futbolçularının, ələlxüsus da yaşlı futbolçuların zəhməti var. Çıxdığımız oyunlarda mübarizə aparmalıyıq. Ən azından seriyanı davam etdirməyə çalışacağıq. Ən yaxşı halda ikinci yeri tutmaq da, bugünkü vəziyyətimizdə vallah o qədər də pis deyil. Reallıqları biz vicdanla qəbul edəcəyiksə, məncə, yaxşı olar.
Bəzən Voyislav Stankoviç oynamır, deyirlər, “Samir Stankoviçi bəyənmir, onu göndərir”. Qardaş, sən hardan bildin bunu? Stankoviçlə söhbət edəndə, yanımızda idin? İvan Brkiçi göndərir, Mamadu Mbocu göndərir. O qədər vacib oyunlar qabağı bunlar olub…Bəzi azarkeşlər də onlara qoşulub…Baş məşqçi vacib oyundan qabaq kiməsə deyər ki, “səni istəmirəm”? Bu cür hallar baş verir. Belə vəziyyətdə ab-havanı qorumuşuqsa, hamının zəhməti var. Başqaları olsaydı, nələr baş verərdi, Allah saxlasın. Oyunumuz o deyil, keyfiyyətli bir şey göstərə bilmirik. Ancaq bu günün reallığı belədi və bunu da edə biliriksə, nə xoş uşaqlara.
– Roman Bask mətbuata müsahibəsində deyib ki, “elə bilirdim, Samir Abasov məni bilərəkdən oynatmır, amma belə deyilmiş”. Sizdən zəng gözlədiyini bildirib…
– Müsahibəni oxudum. Birinci müsahibəsini oxuyanda, çox üzülmüşdüm. Hansısa oyundan sonra konfransda demişdim ki, Roman bizim üçün çox dəyərli oyunçu idi, ona yaxşılıqlar etdik. Bugünlərdə Bask oynayacaqdı. Kane getmişdi, ona görə Baskı gətirmişdik. Bir neçə oyun oynamadı, statusu var idi, “Havr”dan kapitan kimi gəlmişdi. Həmin məsələ onu sıxırdı. Tələsik qərar verdi. Dözə bilərdi. Bask çox yaxşı transferlərimizdən biri idi. Əfsuslar olsun ki, qalmadı. Bundan sonra ona zəng edib-etməyəcəyimiz, sonrakı söhbətdi. Amma istəyərdim, komandamızda olsun.
– Klub sizə yeni müqavilə təklif edib?
– Mənimlə müqavilə müddətini uzatmırlar deyə, kiməsə nəsə deyə bilmərəm. Siz soruşsaz ki, nə iş görmüsən? Deyərəm ki, ən azından komandam çoxdan idi kubokda yarımfinal oynamırdı, onu etmişəm. Komanda çoxdandır ki, çempionluq görməmişdi, bunu reallaşdırdım. Digərləri etdiyi kimi komandamı bu vəziyyət ikinci yerdə aparıram. Ehtiyat oyunçular da gördüz də. Tanıdıqlarınız var idi? Edəcəklər, etməyəcəklər, kluba aid olan suallardı. Mən nə deyim? Üç oyunu da yola verəcəyik, sonrası Allah kərimdi.