Xəbər verdiyimiz kimi, təxminən bir həftə öncə jurnalistlər arasında keçirilən “Zəfər kuboku” başa çatdı.
Final matçını izləyənlər arasında yer alanlardan biri də “Qəbələ”nin prezidenti Fariz Nəcəfov olmuşdu. Final fitindən sonra əslən Ağdamdan olan klub sahibi “Ağdam” adı ilə qalib olan komandaya Qəbələdə görüşməyi vəd vermişdi.
Məhz həmin görüş üçün mənim də tərkibində olduğum komanda üzvləri 26 iyun səhər saatlarında Bakıdan Qəbələyə yola düşdü.
Günorta saatlarında çatdığımız gözəl diyarda bizi komandanın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev və idman direktoru Nail Kərimov qarşıladı.
Əşyalarımızı qalacağımız “Qəbələ” otelə yerləşdirdikdən sonra klub rəsmiləri ilə üz tutduq nahar edəcəyimiz restorana. Burada bizə finaldakı qələbədə verdiyi motivasiya ilə heç də az zəhməti olmayan Fariz bəy də qoşuldu. Və səmimi ortamda keçən ziyafətdə zarafat dolu, bəzən də ciddi müstəvidə keçən maraqlı söhbətlərə start verildi. Bir göz qırpımında keçən 3 saata yaxın zaman kəsiyinin sonunda masadan ayrılmalı olduq. Ki, axşam saatlarında baş tutacaq növbəti görüşə hazırlaşmaq vardı.
Amma masadan ayrılmadan öncə özümüzlə gətirdiyimiz kiçik hədiyyəni – Ağdam yazılı 14 nömrəli formanı Fariz müəllimə təqdim etdik. Bu an klub prezidentinin sevincini görməyə dəyərdi. Bu, onun Ağdam adlı məmləkətə olan xüsusi sevgisinin əyani təzahürü idi.
Otelə qayıdıb, məhdud vaxt çərçivəsində Qəbələdə keçirdiyimiz kiçik gəzintidən sonra üz tutduq Qəbələ şəhər stadionuna. Çünki yuxarıda qeyd etdiyim “axşam görüşü” məhz futbol meydanında baş tutacaqdı.
Əsas komandanın azacıq izlədiyimiz məşqi başa çatınca meydan bizə qaldı.
Rəqibin heyətində kimlər yox idi ki…
Xəqani Məmmədov, Elmar Baxşıyev, Rasim Ramaldanov kimi sabiq milli üzvlərinə klub prezidenti Fariz Nəcəfov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də qoşulmuşdu.
Maraqlı və gərgin keçən görüşdə komandandamızdan Mirbağırağa Cəfəri və Elvin Rüstəmovun əla qollarına, qapıçımız Yusif Hüseynin əla seyvlərinə Fariz bəy biganə qalmayaraq əl çalmaqla reaksiya verməsi diqqətdən qaçmadı. Güclü rəqibə layiqli müqavimət göstərə bilirdik.
Ancaq meydandakı güclər balansı təbii ki, hər an özünü açıq biruz verirdi. Əbəs deyil ki, qarşılaşmanın ikinci yarısında tükənən gücümüzə güc qatmaq üçün həmkarımız Anar Hacıyev bizim komandaya üz tutdu.
Ancaq bu dəyişiklik də 9:7 hesablı məğlubiyyətimizə mane ola bilmədi. Açığı, ev sahibləri kənarda olduğu kimi, meydanda da qonaqpərvərlik göstərməsəydi çətin belə hesablı məğlubiyyətlə canımızı qurtara bilərdik.
Qarşılaşmadan sonra günortadan edilən söhbətlərin davamı axşam yeməyində, həm də gecə yarısına kimi davam etdirildi. Hətta bu, səhərə kimi də uzana bilərdi. Yəni o qədər mehriban və səmimi ortam yaranmışdı.
1 günlük möhtəşəm səfərin ardınca 27-si səhər yenidən Bakıya üz tutduq.
Yəqin ki, “Ağdam” komandası olaraq qazandığımız çempionluğu hər dəfə xatırlayanda mütləq Qəbələ səfəri, “Qəbələ” səmimiyyəti də yada düşəcək.
XANOĞLAN İMANOV, sportinfo.az