23 Noyabr 2024
Ölkə futbolu

İstefa ilə inkişaf

Tovuzda Ayxan Abbasovun istefaya səslənməsi stadionda gurultu ilə yanaşı təəccüb də yaratdı. Çünki “Turan Tovuz”un cari mövsüm Premyer Liqadakı çıxışı heç də baş məşqçiyə aqressiv təpki göstərəcək qədər pis deyil. Tərəfdarların hədəfində komandanın oyunundan daha çox Ayxan Abbasovun olması ayrı diqqət çəkən məqamdır. 90 dəqiqə ərzində yalnız “Turan Tovuz”u qələbəyə səsləyən fanatlar bir dəfə belə hər hansı futbolçuya etiraz etmədilər. Ancaq matç bitəndən sonra hər şey bir anda dəyişdi.

Əvvəla ordan başlayaq ki, Abbasovu istefaya səsləyənlər heç də 3-5 nəfər deyildi. Stadionda ona aqressiya göstərən kifayət qədər tərəfdar vardı. Gənc mütəxəssisə qarşı qəfil belə bir təpkinin yaranmasının mütləq ki, bəzi səbəbləri ola bilər. Məsələn, komanda 6 oyundur qələbəyə həsrətdir, evdəki görüşlərdə ümumi bir uğursuzluq müşahidə edilir və s. Bunlar narazılıq – daha doğrusu müəyyən bir narahatlıq yarada bilər. Ancaq birdən-birə istefa demək…

Ayxan Abbasovu istefaya səsləyənlərin qarşısına keçib “neynirsiniz?” deməsək də, “niyə?” sualını verə bilərik. Əminliklə deyim ki, arqumentləri baş məşqçinin göndərilməsinə yetəcək qədər tutarlı olmayacaq. Ola bilsin Tovuz təmsilçisinin gözləniləndən daha yaxşı çıxış etməsi, sponsor ətrafında şişirdilmiş zəncirvarı təriflər yerli publikanı sərxoş edib. Və onlar artıq sevimli klublarını çempionatdakı iddialı komandalardan biri hesab edirlər. Belədirsə, səhv edirlər. Çünki “Turan Tovuz” hələ də Premyer Liqada autsayder səviyyəsində bir heyətə malikdir. Əgər sonuncu sıralarda can çəkişmirsə, bunun səbəbi Ayxan Abbasovdur. Bu məsələdə mütləq razılaşmalıyıq, yoxsa qərəzli görünərik.

Azarkeş baxış bucağı ilə eyni mövqedən çıxış edə bilmərik. Ancaq onların alqışlarına sevindiyimiz kimi təpkilərinə də dözməyi bacarmalıyıq. Kimin haqlı və ya haqsız olduğu həmin an müəyyən ediləcək bir durum deyil. Peşəkarlıqlıq yalnız nəticə ilə yox, davranışla da ortaya çıxmalıdır. Abbasov mətbuat konfransında təxminən belə bir cümlə işlətdi: futbolun bölgələrə gəlməsini istəyirik, amma burada hələ çox şey inkişaf etməlidir. Yəni ki, bu şəraitlə belə bir iş görürəm, amma azarkeşlər məni istefaya çağırırlar. Özü isə inkişaf süslü bu cümləsindən təxminən 20 dəqiqə öncə az qala azarkeşlə əlbəyaxa çıxacaqdı…

Böyümək, inkişaf etmək, təcrübə qazanmaq lazımdır. Bütün bunlar yalnız illərin ötməsi ilə yox, keçən zamandan dərs çıxarmaqla ola bilər. Əgər sadəcə illər keçməklə təcrübəli olacağınızı düşünürsünüzsə, yanılırsınız. Əgər dünən Ayxan Abbasovu 3-4 nəfər saxlamasaydı, baş məşqçi həmin tərəfdarla davaya çıxsaydı necə olacaqdı?! Bu biabırçılığı necə açıqlayacaqdı?! Əgər bu barədə düşünməyibsə deməli, hələ özü də inşikaf etməyib.

Dünən azarkeşlərin baş məşqçiyə qarşı aşırı aqressiyası yanlışdırsa, Abbasovun da onlara o şəkildə cavab verməsi faciədir. Növbəti dəfə dəhşətin baş verməməsi üçün mütləq dərs çıxarmaq lazımdır. Əks-təqdirdə peşəkarla həvəskar arasında heç bir fərq qalmayacaq…

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43