07 İyul 2026
Ölkə futbolu

“Polşanın IV liqasında bizim Premyer Liqada oynaya biləcək oyunçular var”

“Bu komandaya qarşı oynamışdım. Mövsüm bitəndə əlaqə saxladılar və məni heyətlərində görmək istədiklərini bildirdilər. Çexiyanın “Viktoriya Jijkov” klubuna keçmək ehtimalım da var idi. Sənəd məsələlərinə görə gedə bilmədim. Hədəfim Avropada əsas çempionatlarda oynamaqdır”.

Bu sözləri idmanxeber.az saytına Polşanın IV liqa təmsilçisi “Troşin”ə transfer olunan azərbaycanlı futbolçu Orxan Fərəcov deyib. 22 yaşlı yarımmüdafiəçi Azərbaycanın I Liqa klublarından təklif aldığını da bildirib:

“Hələ ki, ölkəmizə qaytımaq istəmirəm. Məqsədim ölkə xaricində oynamaq, irəli getməkdir. Başqa yerdə oynayanda özündə əlavə məsuliyyət hiss edirsən, inkişaf etməli olursan. Burada oyunçunun irəli getməsi üçün hər cür şərait var. İstər maliyyə şərtləri, istərsə də infrastruktur baxımından Polşada hər şey yüksək səviyyədədi. Bilirsən ki, ən azından Avropada oynayırsan. Buradan daha böyük klublara getmək şansım çoxdur”.

Fərəcov Polşanın aşağı liqalarında belə oyunların çox sürətli keçdiyini və mübarizə aparmağın heç də asan olmadığını açıqlayıb:

“Polşanın IV liqası bizim I Liqadan üstündü. Futbola yanaşma baxımından şəraitə qədər. Maliyyə cəhətdən də heç bir problem yoxdur. Təssəvvür edin ki, IV liqa klublarının hamısının bazaları, hazırlıq üçün ayrı-ayrı 3 meydançaları, qışda məşq edəcək xüsusi yerləri var. Klubların xüsusi olaraq analiz salonları belə mövcuddur. Ancaq bizdə I Liqa (I Divizion) komandaları 1-2 saatlıq icarəyə stadion götürüb orada məşq edirlər. Vaxt qurtaran kimi hamı da bilir ki, artıq çıxmalısan. Burada isə bu şeylərə daha peşəkar yanaşırlar. 

Polşada IV Liqada elə komanda var ki, 14 milyon manata yaxın büdcəsi var. Bu, çempionat üçün çox yüksək məbləğdir. Belə klublarda vaxtı ilə Polşanın əsas liqasında çıxış etmiş futbolçular da yer alır. Hansıkı həmin oyunçular bizim Premyer Liqada aşağı yerlərdə gedən komandalarda mübarizə apara bilərlər. 

Üstəlik, kənardan gələn futbolçulardan xüsusi tələblər var. Yerli polşalı oyunçulardan gözləntinin 3-4 qat artığını bizdən tələb edirlər. İstənilən halda bir oyunçunun inkişaf etməsi, irəli getməsi üçün Polşanın aşağı liqalarında belə kifayyət qədər imkan var”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43